Azərbaycan Qran-prisində tamaşaçı sayına məhdudiyyət qoyulmayacaq
"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün bilet satışına fevralın 22-dən başlanacaq.
Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən Sportline.az saytına verilən məlumata görə, bilet sayına məhdudiyyət qoyulmayacaq.
Yarışlar üçün nəzərdə tutulan biletlərin qiyməti yerli azərkeşlərə birgünlük ayaqüstü zonada 90 - 160 manat, üç günlük tribuna biletləri 280 - 970 manat, uşaqlar üçün (16 yaşadək) isə 190 - 690 manat aralığında dəyişir. Bundan əlavə, hər il olduğu kimi, bu il Paddok klubu və xüsusi korporativ yerlər üçün bilet satışı da nəzərdə tutulub.
2020-ci ildə koronavirus səbəbindən təxirə salınmış Azərbaycan Qran Prisi zamanı alınmış biletlər hazırki 2022-ci il Azərbaycan Qran Prisi üçün keçərli olacaq.
Bu ilki yarışların formatında qlobal pandemiya fonunda tamaşaçıların təhlükəsizliyini maksimum dərəcədə təmin etmək məqsədilə konsert proqramı nəzərdə tutulmayıb. Lakin ötən illərdə olduğu kimi, bu il də tamaşaçılar üçün müxtəlif əyləncə proqramları təşkil olunacaq.
Tamaşaçılardan yarış vaxtı ölkədəki COVID-19 təhlükəsizlik qaydalarına əməl etmələri tələb ediləcək.
Qeyd edək ki, "Formula 1"də yeni mövsümə martın 20-də Bəhreyndə start veriləcək. 10 - 12 iyunda Bakıda Azərbaycan Qran-prisi təşkil olunacaq.