Azərbaycan Qran-Prisinə gerisayım başladı
Bakı Şəhər Halqası 2019-cu ildən bəri ilk dəfə “Formula 1” yarışı üçün azarkeşləri qarşılamağa hazırdır.
Qurumdan Sportline.az saytına verilən məlumata görə, Azərbaycan Qran-Prisinin baş tutmasına bir ay vaxt qaldığından, son hazırlıqlar tamamlanır.
Qran-Pri günlərində avtoqraf sessiyaları və Pit zolağı gəzintisi azarkeşlərə “Formula 1” super ulduzları və komandalarını yaxından görmək imkanı yaradacaq.
BŞH-ın icraçı direktoru Arif Rəhimov bütün biletlərin alınacağına ümid etdiyini söyləyib: “İzdihamı qarşılamaq üçün səbirsizlənirik. Öncəki beş yarışda beş fərqli qalibimizin olması çox gözəldir. “Formula 1” azarkeşləri bu yarışı qaçırmamalıdır. Mövsümün ən gözlənilməz yarışı onu çox həyəcanlı edir”.
Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran-Prisi 10-12 iyunda keçiriləcək.