Azərbaycan Qran-prisinə ilk bileti Türkiyə vətəndaşı alıb

Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinə ilk bileti Türkiyə vətəndaşı alıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Sportline.az saytına verilən məlumata görə, fevralın 22-dən satışa çıxarılmış biletlər daha çox Türkiyə, Rusiya və Böyük Britaniya vətəndaşları əldə edirlər.

Həmçinin, İspaniya, Hollandiya, Danimarka, Fransa, Norveç və s. ölkələrin azarkeşləri çoxluq təşkil edir. Tamaşaçılar daha çox tribuna ("grandstand") zonasına maraq göstərir.

Ötən il COVID-19 pandemiyası səbəbindən yarışa tamaşa edə bilməyən azarkeşlər, bu il həyəcanlı idman yarışını yerində izləməyə ikiqat maraqlıdır.

Biletlərin qiyməti yerli azarkeşlərə birgünlük ayaqüstü zonada 90 - 160 manat, üçgünlük tribuna biletləri 280 - 970 manat, uşaqlar üçün (16 yaşadək) isə 190 - 690 manatadır.

Biletləri "28 Mall", "Gənclik Mall" ticarət mərkəzlərindən, Heydər Əliyev Sarayının kassalarından, 4 saylı Bakı "ASAN xidmət" mərkəzindən və 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzindən almaq olar.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.