Bakıda tennis turnirləri keçirilir
Bakı Tennis Akademiyasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə oktybarın 3-də start verilən yeniyetmə tennisçilərin Azərbaycan birinciliyi başa çatıb.
Sportline.az xəbər verir ki, 29 nəfərin qatıldığı yarış maraqlı mübarizə şəraitində keçib. 9-12,13,14,15,16 yaş qrupları üzrə idmançıların qatıldığı birincilikdə qalib və mükafatçılar diplom və medallarla təltif olunub. Ayxan Məmmədzadə, Cavid Məmmədli, Tamerlan Kərimov, Ayşən Kərimli, Nurel Əliyeva, Mədinə Qurbanova, Mariya Sabayeva və Daniil Valentinov mükafatçılar sırasına düşməyi bacarıb.
Millimizin baş məşqçisi Yalçın Manafov yarışı belə dəyərləndirib: “Daha bir ölkədaxili turnir başa çatdı. İzlədiklərimdən belə nəticəyə gəldim ki, bütün yaş qruplarında gərgin mübarizə getdi. Bu cür yarışlar yeniyetmə tennisçilərin inkişafı baxımından çox əhəmiyyətlidir. Burada iştirak edən uşaqların gələcəyi parlaqdır. Qalib və mükafatçıları təbrik edirəm”.
Bakı Tennis Akademiyasında həmçinin ITF Payız Kubokununun 6-cı mərhələsində 16 yaşlı tennisçilər mübarizə aparırlar. Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Ukrayna, Gürcüstan və digər ölkələrdən olan idmançılar mükafatlar uğrunda yarışırlar. 47 nəfərin qatıldığı beynəlxalq turnidə ölkəmizi Alim Şirin, İsmayıl Sadıqzadə və Ayşən Kərimli təmsil edir.
Turnirə oktyabrın 9-da yekun vurulacaq.