"Formula 1": Serxio Peresin təsnifatda ilk uğuru, Mik Şumaxer qəzaya düşüb
"Red Bull" komandasının pilotu Serxio Peres "Formula 1" üzrə Səudiyyə Ərəbistanı Qran-prisinin təsnifat mərhələsinin qalibi olub.
Sportline.az xəbər verir ki, Ciddə trasında təşkil olunmuş yarışda meksikalı sürücü ən yaxşı dövrəni 1 dəqiqə 28,200 saniyəyə vurub.
"Ferrari"nin monakolu sürücüsü Şarl Lekler (+0,025) ikinci, onun ispaniyalı komanda yoldaşı Karlos Sayns (+0,202) üçüncü yeri tutub.
Bu, Peresin "Formula 1"də çıxış etdiyi müddətdə ilk təsnifat qələbəsidir.
Yeddiqat dünya çempionu Lüis Hemilton isə 2017-ci ildən bəri ilk dəfə ikinci seqmentə keçə bilməyərək, 16-cı yeri tutub. "Mersedes"in britaniyalı sürücüsü 5 il əvvəl Braziliya Qran-prisində maşınını əzərək, sonuncu yeri tutmuşdu.
Bu dəfə də təsnifat yarışı qəzalarla əlaqədar iki dəfə dayandırılıb. Əvvəlcə "Uilyams" pilotu Nikolas Latifi birinci seqmentdə döngələrin birində maşınını əzib. Özü xəsarət almayan kanadalı yarış iştirakçısı bolidindən sərbəst ayağa qalxa bilib.
İkinci seqmentdə isə "Haas"ın almaniyalı pilotu Mik Şumaxer 12-ci dövrədə idarəetməni itirərək, qəzaya düşüb. Komandadan verilən məlumata görə, onun huşu yerindədir. Şumaxer tibb mərkəzinə göndərilib.
"Haas"ın digər pilotu, danimarkalı Kevin Maqnussen 10-cu nəticəni (+1,388) göstərib. O, ABŞ komandasında rusiyalı Nikita Mazepini əvəzləyib. "Haas" Mazepinlə müqaviləni martın 5-də ləğv edib.
Qeyd edək ki, martın 27-də keçiriləcək Səudiyyə Ərəbistanı Qran-prisi Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.