Fransa Futbol Federasiyası ləğv olunmuş qolla bağlı FIFA-ya şikayət edəcək
Qətərdə keçirilən dünya çempionatının Tunislə qrup mərhələsinin 3-cü tur oyununda qolu ləğv olunan Fransa yığması bununla bağlı FIFA-ya rəsmi şikayət edəcək.
Sportline.az xəbər verir ki, Avropa təmsilçisi 0:1 hesabı ilə məğlub olduğu qarşılaşmada Antuan Qrizmannın 90+8-ci dəqiqədə vurduğu qolu hesaba almayan yeni zelandiyalı baş hakim Mettyu Kongerin səhvə yol verdiyini iddia edir.
Fransızların fikrincə, qolu hesaba alan referinin görüş bitdikdən sonra VAR-a baxaraq oyundankənar vəziyyət qeydə alması qaydalara ziddir. Bildirilib ki, VAR protokoluna əsasən, oyunun bərpasından sonra hakimin videotəkrar hüququndan istifadə etmək haqqı yoxdur.
Fransa Futbol Federasiyası görüş bitdikdən sonra 24 saat ərzində şikayət ünvanlaya bilər.
Qeyd edək ki, Fransa millisi məğlubiyyətə baxmayaraq, D qrupunu 6 xalla birinci pillədə başa vurub. “Üçrənglilər” 1/8 final mərhələsində dekabrın 4-də Polşa ilə qarşılaşacaq.