“Fuad Musayev AFFA-ya girişimə qadağa qoymuşdu” – İlkin Fikrətoğlu

ATV kanalının İdman Departamentinin rəhbəri, tanınmış jurnalist İlkin Fikrətoğlu (Xəlilov) 2 gün sonra – noyabrın 25-i 40 yaşını qeyd edəcək.

Açığı, ondan müsahibə almaq digər insanlardan – futbolçu, futbol ictimaiyyətində çalışanlardan daha çətin görünürdü mənə. İllərini bu sahəyə vermiş, peşəkarlaşmış bir jurnalistlə söhbətləşmək həm də mənim üçün dərs xarakteri daşıyırdı. Hər zaman müsahibələri, süjetləri ilə gündəm olan İ.Fikrətoğlu bu dəfə müsahib qismində qarşımda idi. Amma gözlədiyimdən daha rahat və gözlədiyim kimi çox səmimi söhbət alındı. Uşaqlıqdan məktəbə, universitetdən jurnalsitikaya, qəzetdən televiziyaya – demək olar ki, bütün mövzularda verdiyi səmimi cavabları söhbətimizin davam etdiyi bir saatın su kimi axmasına səbəb oldu.

Ənənəyə uyğun olaraq İlkin müəllimə əvvəlcə doğum günü haqda sual ünvanladım.

- İlk olaraq, 40 yaşınız münasibəti ilə sizi təbrik edirik. 40 yaş sizin üçün nə deməkdir?

- 40 yaş mənim üçün sadəcə rəqəm deməkdir. Başqa heç bir məna daşımır. Sözün düzü, özümü heç 40 yaşında hiss etmirəm. Elə fikirləşirəm ki, 20-22 yaşım var. Yəni, o ruhdayam. Ola bilsin, hələ 40 yaşa xas olan müdriklik həddinə gəlib çatmamışam. Hətta yaxınlaşmamışam. Sözün bütün mənalarında, özümü 40 yaşında hiss etmirəm. 40 yaş üçün gəncliyin qışı, qocalığın baharı deyirlər. Bilmirəm hansı fəsildi. Mən onu hələ hiss eləmirəm.

- Ötən bu illərdə mənəvi olaraq nələr qazanmısınız?

- İlk öncə, özüm üçün təmiz ad qazanmışam. Yəni, əsas olan budur. Demək olar ki, ömrümün yarıdan çoxunu yaşamışam. Bu müddətdə başımı aşağı edəcək, üzümü qızardacaq hansısa bir səhvim olmayıb. Səhvsiz insan yoxdur, səhvim təbii ki, var. Söhbət böyük səhvlərdən gedir. Elə bir səhvim olmayıb. Bu mənada vicdanım təmiz, alnım açıqdır. Qazancım həm də yaxşı etibarlı dostlar olub.

- Futbol, ümumilikdə, idman həyatınızda hansı yerdədir?

- Birbaşa işimlə bağlıdır. İstəsəm də, istəməsəm də artıq prosesin içindəyəm.

- 19 ildir mediadasınız. Jurnalistikaya gəlişiniz necə oldu? Halbuki hüquq fakulətsini bitirmisiniz.

- Hüquqşunaslıq uşaqlıq arzum idi. 20-30 il əvvəlki mühit bir qədər başqa idi. Elə insanlar da, cəmiyyət də fərqli idi. O dövr saflıq, mənəvi keyfiyyətlər daha yüksək və fərqliydi. Mən də müəyyən filmlərin, kitabların təsiri altında. O vaxt populyar olan “Mehman” filmi vardı. Baş roldakı Mehman prokuror idi. “İstintaq” filmində vicdanlı işini ləyaqətlə görən müstəntiq Seyf vardı. Yəni, bütün bunlara baxıb, özüm üçün bir məqsəd, ideallar seçmişdim. Onlar məndə hüquqşunas olmaq həvəsi yaratmışdı. Üstəlik də, humanitar sahəni çox sevirdim. Texniki fənlərlə o qədər də aram yoxdur. Tarix, coğrafiya, ədəbiyyatı sevirəm. Buna uyğun da hüquq fakultəsini seçdim. Amma rayondan çıxıb, Bakıya gəldikdən illər keçdikcə Azərbaycan sürətlə dəyişməyə başlamışdı. 90-cı illərin sonunda başa düşməyə başladım ki,  o filmlərdə, kitablarda gördüklərimiz elə orda da qalıb, reallıq tamam fərqlidir. Həmin vaxt universitetdə oxuya-oxuya bütün tələbələr kimi biz də futbol oynayırdıq. Oynadığımız oyunlardan özümüz üçün reportajlar yazırdım. Boş vaxtımız olanda da oturub, oxuyurduq. Uşaqların çox xoşuna gəlirdi, deyirdilər ki, səndə alınır. 1999-cu ilin fevral ayında “Futbol+” qəzetində bir elana rast gəldim. Tələbə gəncləri reportyor kimi çalışmağa dəvət edirlər. Yazı qabiliyyətimə bələd olan tələbə yoldaşlarım məni həvəsləndirdilər ki, sən də gedib iştirak etməlisən. Düzü, özümdə bir az inamsızlıq vardı. Mənim üçün mətbuat, televizya hər zaman əlçatmaz, yüksək olub. Jurnalistlər mənim üçün fövqəladə insanlar olub. İndi də elədir. Özümə o dərəcə də inanmırdım. Tələbə yoldaşlarım sağ olsun. Əsasən də ən yaxın dostum Elnur Novruzov məni həvəsləndirdi, elə onunla birgə müsabiqəyə getdik. Elə oldu ki, keçdim. Beləcə, jurnalist oldum. Bir il işlədikdən sonra gördüm ki, bura daha çox bağlandım. Artıq hüquq mənim üçün ikinci plana keçmək yox, ümumiyyətlə, planlar siyahısından çıxdı.

- Jurnalist kimi yetişməyinizə görə borclu olduğunuz insanlar kimlərdir?

- İlk növbədə ustadım Mahir Rüstəmliyə borcluyam. Jurnalist kimi formalaşmağımda Mahir müəllimin müstəsna rolu var. Rəhmətlik Adil Qaçayoğlu ilə az müddət birgə işləsəm də, onun dəyərli məsləhət və tövsiyələrindən bəhrələnmişəm. Televiziya karyerama görə isə ilk növbədə dəyərli jurnalistimiz, hazırda başqa sahədə çalışan Altay Aliyevə borcluyam. İstedadı ilə həmişə seçilən Rüstəm Əbülfətoğlu və İnqilab Məmmədov ATV-də ilk addımlarımı atarkən mənə çox dəstək olublar. Hər birinin telejurnalist kimi formalaşmağımda böyük rolu olub.

- Düşünürəm ki, fəaliyyətiniz boyu ən həssas məqamlardan biri də ötən dərs ilinin əvvəlində qızınızla müsahibə etməyiniz idi. Bir ata kimi, eyni zamanda jurnalist kimi hansı hissləri keçirmişdiniz?

- Jurnalist kimi çox çətin idi, uşaqdan müsahibə almaq qəliz məsələdir (gülür). Uşağı danışdırmaq lazımdır. Ata kimi isə təbii ki, fərəhlənirsən, qürur hissi keçirirsən. Övladın məktəbə başlayır, həyatının ən vacib mərhələlərindən birinə qədəm qoyur. Valideyn kimi keçirilən hisslər başa düşüləndir. Jurnalist kimi də çətin idi. Mən özüm istəmədim ki, həmkarlarıma əziyyət verim. Həm də uşaq üçün də yad adamla danışmaq çətindir. Mən atasıyam deyə, öz dilini bilirdim (gülür). Bir az şirin dil, bir az zarafatla danışdırırdim ki, kamera qarşısında sıxılmasın. Ona görə həmin müsahibə elə bu zərurətdən doğdu.

- İdman jurnalistikasının ümumi vəziyyətini necə görürsüz? Hazırkı durum çox adamı narahat edir.

- Bu fikrə qatılıram ki, həqiqətən vəziyyət bərbaddır. Bunun da bir çox səbəbi var. Bir neçə il öncə idman jurnalistikasına kütləvi axın başladı - xeyli sayt yarandı. Demək olmaz ki, zərurətdən yarandı. Azərbaycanda fikrimcə, o qədər idman saytına ehtiyac yoxdur. Azərbaycanın nə boyda futbolu var ki, o qədər də saytı olsun?! Əvvəllər çempionatda 12 komanda oynayırdı, indi bu say 8-ə düşüb. Birinci divizion demək olar ki, yoxdur. Bura İngiltərə deyil ki, Premyer Liqa olsun, ardınca 6 divizion olsun. Milli komandası, ulduz futbolçuları və s. Bunlar olsa, başqa məsələ. Kiçik bir ölkə, futbolu da kasad. 10-12 normal sayt olsa, kifayət edərdi. Sadəcə, həmin vaxt futbolda da böyük pullar vardı. Bu maliyyə müəyyən insanları həvəsləndirdi ki, saytlar yaratsınlar, jurnalistikayla məşğul olsunlar deməzdim, jurnalistikadan pul qazansınlar. Bəziləri o məqsədlə gəlmişdi. Amma son proseslərdən sonra maliyyə baxımıdan istəməzdim bu cür problemlər yaransın. Futbolda əvvəlki maliyyə yoxdur. Amma bunun bir yaxşı cəhəti oldu ki, mətbuatda ələnmə prosesi başladı. Təsadüfi saytlar necə gəlmişdilərsə, elə də sıradan çıxmağa başladılar. Digər tərəfdən saytların müəyyən qədər asılı, ya da tam asılı olması jurnalistikaya çox böyük əngəl törədir. Çünki jurnalistika yaradıcı sahədir. Yaradıcılıq da sərbəstliyi, azadlığı sevir. Əgər sənin hansısa məqamda deyəcəyin sözün qarşısında “Stop” işarəsi varsa, təbii ki, sən bütün potensialını, bacarığını ortaya qoya bilməyəcəksən. Bugünkü reallıq belədir ki, istedadlı, bacarıqlı jurnalistlərimiz çoxdur. Sadəcə, müəyyən çərçivələr, asıllıq onların özlərini tam ifadə etməklərinə imkan vermir. İstedadlı jurnalistərimiz olub, indi də var. Mən adlarını çəkə bilərəm. Televizya jurnalistlərindən çox böyük rəğbət bəslədiyim Rüstəm Əfsərli, Elnur Məmmədli və “İdman Azərbaycan” telekanalından Siyavuş Əliyevin şərhlərinə həvəslə baxıram. Mehman Rəsulov da çox istedadlıdır. Həm də xüsusi bir istedadı var, şeir də yazır.

- Sizcə, gələcəkdə daha pis olacaq?

- Gələcəklə bağlı heç nə deyə bilmərəm. Təəssüf ki, Nostradamusluq qabiliyyətim yoxdur (gülür). Jurnalistikanın vəziyyəti futbolla paralel addımlayır. Gələcəkdə futbol nə cür dəyişəcəksə, maliyyə cəhətdən dirçəlmə, canlanma olacaqsa, ola bilsin ki, biz yenidən təzə saytlar görək. Yenə deyirəm, indi jurnalistikada ələnmə prosesi gedir. Kim ki, pula görə gəlmişdi, gördü ki, pul yoxdu, çıxıb getdi. 

- Mediada çalışan gənclər barədə nə fikirləşirsiniz, xüsusi qeyd edə biləcəkləriniz var?

- Gənclər mənim dostumdur (gülür). Qol.az bu gün ölkənin bir nömrəli idman saytıdır. Bu zirvəyə yüksəlibsə, deməli, bu, kollektivin zəhmətidir. Burada işləyən hər bir kəs işinin öhdəsindən layiqincə gəlib ki, Qol.az da bu zirvəyə çatıb. Gənclərdən elə sizin kollektivdə çalışanları, sizi misal çəkə bilərəm. Daha sonra Əliheydər Zeynalzadəni deyə bilərəm. Təəssüf ki, Əliheydər jurnalistikadan bir az uzaqlaşıb, amma onun istedadı, potensialı var. “Feysbuk”da yazdığı statuslardan elə bunu hiss etmək olar (gülür).  Emin Səfərovu da əlavə edə bilərəm. İstedadlı gənc jurnalistlərin sırasında Space TV-nin jurnalisti Qulam Səfərlinin adını da qeyd edərdim. Təəssüf doğuran odur ki, indi saytlarda əsasən xəbər tipli yazılara rast gəlirsən. Təhlil, araşdırma yox dərəcəsindədir. Ona görə kimin qabında nə olduğunu müəyyənləşdirmək çətindir.

- Yəqin ki, mediadan yaxşı dostlar da qazanmısınız..
 
- Mənim bütün dostlarım idman mediasındandır. 20 illik dostlarım var. Altay Əliyev, Mahir Rüstəmli, Aydın Bağırov, Elnur Məmmədli, Anar Şabanoğlu, Səbuhi Səfiyarlı, Eldəniz Yusifov, Sənan Şəfizadə, Elşən Məmmədov, Atəş Sultanov, Vaqif Heydərli– onların hamısını jurnalistikadan tanımışam. Jurnalistikadan kənar lap yaxın bir dostum olub – tələbə yoldaşım Elnur Novruzov. 23 il əvvəl başlayıb, indi də davam edir.

- Adətən millinin uğursuz çıxışlarından sonra idman xəbərlərində çox kəskin, ürək ağrısı ilə fikirlər səsləndirirsiniz.

- Mənin Azərbaycanda şəxsi olaraq heç bir kluba rəğbətim yoxdur. Hər biri mənim üçün eynidir. Avrokuboklarda oynayanda hamısına azarkeşlik edirəm. “Qarabağ”a da, “Zirə”yə də, “Neftçi”yə də. Amma milli elədir ki, oynayanda mənə xüsusi həyəcan verir. Hər dəfə də ümidlə düşünürəm ki, gələn mərhələdə qrupdan çıxacağıq. Yəni bu mənada xəyallara çox inanıram. 1996-cı ildə Azərbaycan İsveçrəni Bakıda 1:0 uddu. O vaxt “AFFA Nyus” qəzeti almışdım. Turnir cədvəlində Azərbaycan ikinci yerdəydi deyə, o qəzeti göz bəbəyim kimi saxlayırdım. Uşaqca inanırdım ki, millimiz bu qrupdan çıxıb, 1998-ci ildə keçirilən Fransadakı dünya çempionatına gedəcək. Amma iki ay sonra Macarıstan gəldi evdə bizə 3 cavabsız qol vurdu və bütün xəyallarım suya düşdü. Mənə necə psixoloji təsir etdisə , indiyəcən Macarıstan yığmasına nifrət edirəm. Yəni, millimizə o vaxtdan xüsusi bir rəğbətim olub. Jurnalistikaya gələndən sonra hisslərimi ifadə etmək üçün qəzetdə əlimdə qələm, televizyada isə efir vardı. O vaxtlar “Feysbuk” yox idi. İndi onun vasitəsilə oxucuyla birbaşa ünsiyyətdə ola bilirsən. İndi görürəm, çoxları yazır, axır ki, bir cəsarətli jurnalist çıxdı, filan şeyi dedi. Amma belə çıxışları mən özüm də eləmişəm, başqaları da edib. 2005-ci ildə Azərbaycan Polşaya səfərdə 0:8 hesabıylı uduzanda bundan da kəskin “yıxıb-sürümüşdüm”. Daha sonra Polşa yenə 5 cavabsız qolla məğlub etmişdi, onda da “yıxıb-sürümüşdüm”. 2007-ci ildə Serbiyaya 1:6 hesabıyla uduzanda da tənqid etmişdim. Həmin heyətdəki futbolçuların çoxuyla indiyədək münasibətim yoxdur. Sadəcə, o vaxt “Feysbuk”, “İnstaqram” yox idi deyə belə şeylər paylaşılmırdı. Amma indi biri sosial şəbəkədə paylaşanda, yüzlərlə adam baxır. Yəni, millimizə qarşı içimdə bir sevgi var, sevgi ilə yanaşı bir qəzəb də var.

- Belə görünür ki, millinin zəif çıxışı sizi daha çox yandırır.

- Bəli, çox yandırır. Məni həmişə tənqidi yazmağa məcbur edən içimdəki üsyan, qəzəbdir.

- Deyəsən, adət halına çevrilib. Uğursuzluq olanda hamı fikirlərinizi gözləyir.

- Gözləmək söhbətinə qalanda, axırıncı süjetlər bir növ ictimai sifariş statusunu alıb. Bunun özü çox fərəhləndirici, qürurvericidir ki, insanlar sənə inanırlar. Çalışıram ki, bacardıqca onların inamını doğruldum. Onsuz da o sözləri gözləməsəydilər, mən yenə yazacaqdım. Çünki mənim içimdən gəlirdi. Təbii, insanların sənin sözünə inanması, dəyər verməsi hər bir jurnalist üçün xoşdur. Çalışıram ki, bu etimada layiq olum.

- Həmişə AFFA-nı kəskin tənqid edirsiniz. Bu tənqidlərə görə sizə nəsə deyən olub?

- AFFA-dan nə indi, nə də rəhmətlik Ramiz Mirzəyiv dövründə belə halla rastlaşmamışam. Yalnız Fuad Musayevin dövründə olub. Qəzetdə işlədiyim vaxtlarıydı. O vaxt milli komandanı, çempionatı tənqid edirdik və AFFA ilə aramızda bir gərginlik vardı. Rəhmətlik Fuad Musayev də xasiyyətcə bir az mürəkkəb adam idi. Yadıma düşür, bizimkilər 9 nəfərlə oynayan Moldovayla Bakıda 0:0 heç-heçə etmişdi. Qrupda uda biləcəyimiz komanda elə Moldovaydı. Baş məşqçimiz də İqor Ponomaryov idi. “Futbol +” qəzetində yazıma “Şərəfsiz sülh” başlığı  qoymuşdum. Bundan sonra federasiya ilə münasibətlərimiz gərginləşmişdi. O vaxtlar biz informasiyanı AFFA-ya gedib alırdıq. Daha sonra Fuad Musayev tapşırıq vermişdi ki, məni AFFA-ya buraxmasınlar. Məndən başqa bir neçə jurnalsiti də buraxmırdılar. Konkret, bizim girişimizə qadağa qoymuşdular (gülür). Onun aləmində ora onun öz mülkiyyəti idi. Nə cür istəyir, davranırdı. O vaxtlar səfər söhbəti ümumiyyətlə, ola bilməzdi. Jurnalistin səfərə getməyi filan, belə şeylər yox idi. AFFA da məni bir dəfə səfərə apardı – Polşa ilə matça. Baş məşqçimiz Şahin Diniyev olan vaxtıydı. Həmin oyunu 0:5 uduzdular. Mən də gəlib, nə cür yıxıb-sürüdümsə, o gün-bu gündü AFFA ilə bütün münasibətlər qurtardı.

- Bəs hansısa futbolçu və yaxud idmançını tənqid etdikdən sonra sizi hədələyibmi?

- Futbolçularla, idmançılarla çox olub. Gözlənilməz də olmayıb. Mən onsuz da Azərbaycan futbolçularından gözləyirəm bunu. Böyük əksəriyyətinin hansı səviyəyə malik olduğunu bilirəm. Elə intellektual səviyyələrinin də nə yerdə olduğunu bilirəm. Bu adamlar tənqidə dözümsüz, özlərindən başqa kimsəni bəyənməyən tiplərdir. Əksəriyyəti bu cürdür. Məsələn, Azərbaycan Serbiyaya 1:6 hesabı ilə uduzandan sonra Emin Quliyevin mənə zəng vurmağı çox təəccüblü oldu. Çünki səndə necə üz olmalıdır ki, biabırçı oynayasan, bu hesabla uduzasan, üstəlik səni tənqid edənə də etiraz edib, jurnalisti “razborka”ya çağırasan.



 

Deyirdi ki, sən kimsən ki, mənim haqqımda belə demisən. O nə demişdisə, mən də artıqlaması ilə ona cavabını qaytardım (gülür). O vaxtdan bu yana onunla münasibətimiz yoxdur. Bir də boks üzrə olimpiya mükafatçısı Vüqar Ələkbərovla efirə verdiyim süjet üstündə mübahisəmiz olub. Vüqar da Afina Olimpiya Oyunlarında çox bərbad çıxış etmişdi, hamı xatırlayar. Azərbaycan Polşaya 5 cavabsız qolla məğlub olanda kəskin tənqid etmişdim. Kəskin tənqid etdiyim futbolçulardan biri də hazırda “Qəbələ”nin U-19 komandasının baş məşqçisi Emin İmaməliyev idi. Amma o tənqidin nəticəsi oldu ki, üç gün sonra millimiz Bakıda Finlandiyanı məğlub etdi və həmin oyunda Emin də qol vurdu. Düzdür, qoldan sonra ATV-nin kamerası qarşısında jest də etmişdi. Finlandiya ilə oyunda əvvəl futbolçuları o qədər tənqid etmişdim ki, onlarda aqressiya, qəzəb yaranmışdı. Mən də süjetdə yazmışdım ki, əgər bu oyunu bizim acığımıza udmusunuzsa, onda sizi necə oynatmaq lazım olduğunu tapmışıq. Amma Emin İmaməliyev əxlaqlı, mərifətl insandı və bu gün onunla gözəl münasibətim də var....

- Sizə görə davranışı ilə örnək olacaq futbolçular hansılardı?

- 20 ilə yaxın jurnalistikadayam, xüsusi qabiliyyəti, mərifəti ilə seçilən, həmişə jurnalistlərə hörmətlə yanaşan, tənqidə normal reaksiya verən köhnə futbolçulardan Elçin Rəhmanov, Adil Şükürov, Aslan Kərimov, Samir Ələkbərov, Nazim Süleymanovu misal çəkə bilərəm.

- Bəs hazırda oynayan futbolçulardan kimi misal çəkə bilərsiz?

- Sözün düzü, hazırda örnək olacaq futbolçu görmürəm. 20 il əvvəlki futbolçular indi yoxdu, axı. 20 il əvvəl məsələn, Nazim Süleymanov, Samir Ələkbərov vardı. Bunlar həm futbolçu kimi futbolçuydular, həm də insani keyfiyyətli yüksəkdir. Yəni, hər iki mənada misal çəkmək olurdu. Yunis Hüseynov da beləydi. Mən xatırlamıram ki, onların jurnalistlərlə hansısa qalmaqalı olub.

- Tənqid etməkdən çəkinməyən İlkin Xəlilovun özünün tənqidə reaksiyası necədi?

- Çox normal. Mən birinci özüm özümü tənqid edirəm. İndi sosial şəbəkələrdə mənim fikirlərimə də tənqidi fikirlər yazanlar var. Elə olur kimsə razılaşmır, təhqirə keçənlər də olur. Hər kəs öz tərbiyyəsinə uyğun davranır. Amma tənqid edənlərin fikirlərin normal qarşılayıram.

- Sizin dostunuz olan saytımızın redaktoru Aydın Bağırov deyir ki, siz idman mediamızın ən istedadlılarından, amma bir o qədər də ən tənbəl jurnalistlərindən birisiniz. Məsələn, istedanızı düzgün yerə xərcləmirsiniz. Bilənlər bilir ki, yaxşı yazılar yaza bilirsiniz. Ancaq nədənsə buna cox yer vermirsiniz.

- Mən bu fikrin ikinci hissəsi ilə razıyam. Özümə ən istedadlılardan deməzdim. Jurnalistikamızda istedadlılar çoxdur. Amma tənbəl hissəsi ilə razıyam. Bəli, tənbəllik var. Bu, anadangəlmə xəstəlikdir. Bunu müalicə edə bilmirəm, öhdəsindən gələ bilmirəm. Hələ son vaxtlar bir az aktivləşmişəm.

- İnsanlar sizi həmişə idmanla - futbolla tanıyıb, bəs İlkin Fikrətoğlunun şəxsi həyatında hobbiləri, məşğuliyyətləri nələrdir?

- Əvvəllər çox kitab oxuyurdum. İndi işdə bütün günü saytların qarşısında oluram, xəbərlər oxuyuram deyə zehni cəhətdən yoruluram, ona görə son vaxtlar oxumuram. Həvəsim yoxdur. Amma kitab çox oxumuşam və həqiqətən jurnalistikada bu gün müəyyən qədər formalaşmışamsa, birinci növbədə bu mütaliənin sayəsində olub. Bəxtim onda gətirib ki, anam kitabxanaçı olub, evimiz kitabla dolu olub. Kitabxanaya gələn kitablar birinci bizə gəlirdi və mən evdə oxuyurdum. Bu da mənə söz bazamın çoxalmasında müstəsna olaraq təkan verdi. Şahmat oynamağı da sevirəm. Gündə ən azı 1 saat internet vasitəsilə onlayn olaraq oynayıram.

- Bəs, ovçuluq, balıqçılıqla aranız necədir?

- Mənim hobbim yeyib-içməkdir (gülür). Səyahəti xoşlayıram. Biz adətən yay aylarında dostlarımızla planlaşdırırıq, Azərbaycandan kənara çıxıb, bir həftəlik filan səfərlər edirik. Və yaxud Azərbaycan daxilində. Özüm Şabran rayonundanam. Rayonun aşağı hissəsi o qədər də cəlbedici görsənmir – səhraya oxşayır (gülür). Amma yuxarı hissəsində meşəliklər, dağlar, çaylar var. Mənim ata yurdum oradır. Tez-tez səfər edib, təbiətindən zövq alırıq. Dostlarımla dəfələrlə getmişik.

- Son olaraq, deyirlər 40 yaş qeyd olunmur. Bəs, siz necə, ad gününüzü qeyd edəcəksiniz?

- Mən də ümumi fikir, ab-havanın təsiri altına düşüb, 40 yaşı xüsusi qeyd etməyəcəm. Amma onsuz da bizim hər günümüz nəyisə qeyd etməklə keçir (gülür). 40 yaşı da qeyd etmək üçün Dünya Poçt Gününü və yaxud nəyisə bəhanə edib, oturub, yeyib-içəcəyik. Orda da yəqin ki, ad günü ilə bağlı sağlıq da olacaq. Sadəcə, xüsusi adın qoymuşuq ki, 40 yaş qeyd edilmir.

Qol.az

Məftun RƏSULZADƏ