Maks Ferstappen: "Bakıda tamamlanmayan işlərim qalıb"

"Bakıya qayıdışımı səbirsizliklə gözləyirəm. Orada ötən il yarışı başa çatdıra bilmədiyim üçün tamamlanmayan işlərim qalıb".

Sportline.az xəbər verir ki, bunu "Redd Bull"da çıxış edən "Formula 1" üzrə son dünya çempionu Maks Ferstappen Azərbaycan Qran-prisi barədə danışarkən deyib.

Niderlandlı pilot bildirib ki, Bakının ciddi əyləcləmə yerləri və kiçik uçuş zonalarına malik çətin şəhər treki var: "Maraqlıdır, görəsən, biz həftəsonu artıra biləcəyikmi? Əvvəllər sürətli dövrədə bir qədər geri qalırdıq".

Ferstappenin komanda yoldaşı, ötən il Bakıdakı yarışın qalibi olan Serxio Peres bu il titul uğrunda mübarizənin çox gərgin keçdiyini və tam konsentrasiyanın gərəkliyini bildirib: "Ötən il Bakıda "Redd Bull"la ilk qələbəmi qazandım. Küçə treklərini xoşlayıram. Burada çox şey pilotun bacarığından asılıdır. Cinahdan hücum edəndə səhvə yol vermək asandır. Lakin yalnız orada yaxşı nəticə üçün 10 nəfəri keçmək olar".

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək.