"Qarabağ"a xitab

Sevgi həyatın ilham pərisidir. Elə bir hiss ki, anlamağa da çətinlik çəkirsən... Bəzən, anlamaq belə istəmirsən. O səni anlasın deyə qəribə bir təkəbbür, qısqanclıq  da bürüyür adamı. Amma, sonunda ona məğlub olur, onun səndən güclü olduğu ilə barışır, ona sığınır, varlığına tapınır, rahatlığa qovuşursan. Sonunda, həyatın onsuz yaşanmadığına əmin olur, nə yaxşı ki; “o var” - deyirsan. Dərk edirsən ki, həyat da onunla mənalı, onunla gözəldir.

Sevgi deyəndə yalnız əks cinsin səni ovsunlayıb saldığı şirin və ya acı hissləri nəzərdə tutmuram. Çatdırmaq istədiyim anlayışı, digər münasibətlərdə yaşamağın nə olduğunu anlayacaq, xoşbəxt və ya bədbəxtlər bilər. Bu axında boğulmayan, sahilinədək üzüb, yaşatdığı həyəcana, sovuşan təhlükəyə sevinən, onu bir daha yaşamaq istəyinə səcdə edənlərdənəm əslində. Qismət elə gətirib ki, bir kişi olaraq, nakam sevgi yaşamamışam. Əksər romantik musiqilərdə aşılanan nakam sevgi hissi mənə yaddır deyə, öyünmək kimi miskin təfəkkürdən də uzağam. Əksinə, bəzən, bu hissi mən niyə yaşamadım deyə, qəribə bir təəssüflə də üzbəüz dayanmışam. Qəmli mahnıların ağuşunu göz yaşları ilə isladanları həsədlə süzdüyüm anları demirəm hələ. Əslində, əksəriyyətin kobud biri kimi tanıdığı mənim də, belə halıma şahidlik edənlər olub. Hər insanın zəif bəndi var. Özümü təkzib eləmirəm, amma, mən də nakam sevgi yaşayıram. Bəzən, özümdən ixtiyarsız, mən də o bəstənin sarı siminə təslim oluram. Kövrəlirəm, göynəyən sinəmin yanğısını söndürəcək göz yaşlarımı gizlətməyə çalışırıam. Bu halımdan utanmadığım qədər səmimi dostlar bilir, söhbətin hansı sevgidən getdiyini. Çox vaxt, o hissləri oyatmamağı xahiş edirəm, bəzən dostyana qadağan da edirəm. Amma, bütün müqəddəslərə and içirəm ki, gözəl hissdir o. O sevgidə nələr yoxdur ki...? O sevgidə rəssam fırçasından doğulan bütün təbiət tablolarına meydan oxuyan mənzərə var. O sevgidə, bütün melodiyaları susduran bəlağətli agəng var. O sevgidə, bütün məstedici qoxuları dəyərdən salan rayihə var. Nə yazıq ki, o sevgidə 24 ildir bağlı qalan it ulartısı, yurd həsrəti də var. Hər qaranlıq gecənin nurlu sabahı kimi, o sevginin bir bağı da var amma. Qırılmayan, gələcəyə ümid verən qara bağı. Rənginə aldanmayanlar üçün tunelin sonundakı işıq qədər ümidverici bağı. Təzadlı olsa da, həsrətin bitəcəyi vüsal günü kimi müqəddəs bir sevgidir o. Nakammı sevgidir? - deyə bəzən yol ayrıcında, xəyal qırıqlığında qalırsan. Kimin üçün? Onun üçünmü, yoxsa sənin...?  Toxunduğun barmaqlarını cismən yox, ruhən hiss edən sevgili kimidir o. Varlığına şükür etdiyin təsəllliyə bənzəyir...

Nakam Qarabağ sevgisindən kam aldıran, “Qarabağ” yaxşı ki varsan! Amma, insafın olsun, sən də bizim hisslərimizlə oynama. Əhdinə sadiq ol. Sən həmişə bizimlə ol. Bilirsənmi, sən, nakam yurd sevgisi yaşayanların yeganə təsəllisisən?! Onların gözü həmişə yolda, qulağı səsdə olur. Qələbə sorağını bizdən əsirgəmə.

Tural Xudiyev