Qurban Qurbanov: “Biz iddiamızdan əl çəkmirik”
"Qarabağ" komandası Misli Premyer Liqasında çempion olmaq üçün sonadək vuruşacaq.
Sportline.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis hazırda turnir cədvəlində ikinci pillədə qərarlaşmaları barədə danışıb:
"Məndə həmişə narahatlıq olub. Çempionatdakı komandaların istəkləri, həvəsləri çoxdur. Hər birinin beynəlxalq uğuruna sevinirik. Biz iddiamızdan əl çəkmirik. Çempion olmaq üçün sonadək vuruşacağıq. Hər il çempion olmalısan deyə qanun yoxdur. İstənilən turnirdə lider və qalib dəyişə bilir. Hansısa klub çempion olmursa, iddiasından əl çəkmir. Premyer Liqa gərgin keçir, iddialı və gələcəyi planlaşdıran rəqiblər var".
O, arzusunu da dilə gətirib:
"Arzum futbolda sizlərin, azarkeşlərin inamını itirməməkdir. Çempion olmaq, kubok qazanmaq şərt deyil. Şəxsi həyat barədə danışmağı isə xoşlamıram. Futboldan uzaq qalmaq mümkün deyil. Son vaxtlar bəzən məğlubiyyətlər barədə mübahisə edirdilər".
Qeyd edək ki, "Qarabağ" 2026-cı ildə ilk rəsmi oyununu yanvarın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Almaniyanın "Ayntraxt" (Frankfurt) klubuna qarşı keçirəcək.