Rəşadla bir şəklin xoş təəssüratı

Zənnim məni yanıltmırsa, ilk dəfə 1998-ci ildə görmüşdüm onu. İdman Akademiyasının stadionunda, Vaqif Paşayevin “HHQ” komandasının məşqində. Hamısı ağ, o isə Moskva "Spartak"ının ağ-qırmızı formasında. Tək geyimi ilə fərqlənmirdi yaşıdlarından. Elə, topa toxunuşu futboldan azacıq anlayışı olan adam üçün, onun hansı potensiala malik olduğunu üzə çıxarırdı. Hiss olunurdu ki, özü də öz istedadından yetərincə halidir. Daha yüksək səviyyə, peşəkar komandada oynamağa layiq olduğunun fərqindədir. Tezliklə bunu həyata keçirəcək, Azərbaycan futbolunda erkən debütlərlə, sonradan isə, oyun sayında və digər kompanentlərdə rekordlar qıracaqdı. Bir həzin payız axşamında isə, ona həqiqi sevgisini heç vaxt gizlətməyən minlərlə azarkeşi ilə vidalaşacaqdı...

16 il şərəflə formasını geyindiyi millidə son oyununa çıxan Rəşadın yeri hələ çox görünəcək. Çətin anlarda, komanda yoldaşlarını sanki yuxudan ayıldan ötkəm səsinə, cəld qərar vermə qabiliyyətinə, cəsarətinə, liderlik keyfiyyətlərinə çox ehtiyac duyulacaq. Razıyam, yaxşı aktyor səhnədən vaxtında getməlidir. Amma, inandırım ki, bu səhnənin sənə hələ də ehtiyacı var idi, kapitan. Qərarına hörmətlə yanaşırıq. Çünki o hörməti, futbolçu kimi oyunun, idmançı kimi davranışın, insan kimi qabiliyyətinlə qazanmısan. Başqası sənin yerində azı bir il də millinin kapitan sarğısını daşıyardı. Ehtiyac duyulur, bu öz yerində, digər tərəfdən, sənə getmək vaxtı olduğunu eyham vuran da çətin tapılacaqdı. Amma, səni yaxşı başa düşürəm. Verdiyin qərar, dünyaya mərd gəlib, mərd də gedənlərə xas addımdır. Sədaqət rəmzinə çevrildiyin "Qarabağ"da sənə bol-bol uğurlar! Yolun açıq olsun, kapitan!

P.S. Hisslərimi kağıza köçürməyə həvəs yaradan bu şəkil, 2009-cu ildə Kayseri hava limanında çəkilib. O vaxt iş yoldaşım olan, dəyərli dostum Nazim Nurullayevlə birgə xeyli söhbətləşmişdik. Hörmətinin sərhədlər aşdığının orada da şahidi olmuşdum. Pasportunda nə isə qaydasında deyildi. Yoxlama bir az uzun çəkəcəkdi ki, daha yüksək rütbəli zabitin elə zabitəli səsi məsələni yoluna qoydu. Təxminən belə bir dialoq alınmışdı:

- Oğlum, nə olub orada?

- Pasportun müddəti bitmiş kimi görünür...

- Sən bizim Rəşadı tanımadınmı? (Rəşad “Kayserispor”un da şərəfini qoruyub)

 - Tanıdım da...

- Tamam onda. İyi yolçuluqlar, Rəşad!

Tural Xudiyev