Rio-2016: Rəsul Çunayev Azərbaycana 5-ci medalı qazandırdı
Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. SportLine.az xəbər verir ki, növbəti gündə daha bir medal ümidimiz - Rəsul Çunayev xalça üzərinə çıxıb.
66 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız ilk görüşünü 1/16 final mərhələsi çərçivəsində keçirib. Rəqib kubalı Migel Martinez Palasio olub. Gərgin mübarizənin sonunda təmsilçimiz qalib gəlib - 4:2.
1/8 finalda pəhləvanımız Rusiya təmsilçisi İslambek Albievlə üz-üzə gəlib. İdmançımız bu mərhələni də üzüağ yekunlaşdırıb - 3:2.
1/4 finalda Çunayev Əlcəzair güləşçisi Tarek Əziz Benaissa ilə münasibətləri aydınlaşdırıb. Rəsul Çunayev təmiz qələbə ilə yarımfinala adlayıb.
Finalın bir addımlığında pəhləvanımız erməni güləşçi Miqran Arutunyanla qarşılaşıb. Təəssüf ki, təmsilçimiz uğurun davamını gətirə bilməyib.
Çunayev bürünc medal uğrunda görüşə çıxıb. Onun rəqibi Cənubi Koreya idmançısı Hansu Ryu olub. Güləşçimiz təmiz qələbə ilə bürünc medala yiyələnib.
Bu, Azərbaycanın Olimpiadada 5-ci medalıdır.