Rio-2016: Rövşən Bayramov medalı əldən verdi

Rio-2016 Yay Olimpiya Oyunlarının 10-cu günündə güləş yarışları start götürüb. SportLine.az xəbər verir ki, mübarizəyə əvvəlcə yunan-Roma növündəki təmsilçilərimiz qoşulublar.

59 kq çəki dərəcəsində yarışan Rövşən Bayramov ilk görüşünü 1/8 final çərçivəsində Venesuela təmsilçisi Rayber Xose Orozko Rodrigezə qarşı keçirib. Pəhləvanımız bu rəqibini asanlıqla məğlub edib - 8:0.

Həmyerlimiz 1/4 finalda Mahadi El Messaudiyə (Mərakeş) 8:0 hesabı ilə qalib gələn Xese David Tielke (ABŞ) ilə qarşılaşıb. Burada da qələbə qazanan idmançımız yarımfinalda yaponiyalı Ota Şinobo ilə üz-üzə gəlib. Təəssüf ki, Rövşən uğurun davamını gətirə bilməyib. 

İdmançımız bürünc medal uğrunda yarışıb. Rəqib Norveç güləşçisi Stiq-Andre Berqe olub. 1:1 başa çatan görüşdə axırıncı xalı norveçli idmançı qazandığı üçün Rövşən Bayramov medaldan məhrum olub.