Səmayə Məmmədova: "Açılış mərasiminə böyük məbləğin xərclənməyəcəyi məlum idi"

“Gözləntilər böyük deyildi. Həm mütəxəssislər, həm də media nümayəndələri iqtisadi böhranla bağlı açılış mərasimi üçün böyük məbləğin xərclənməyəcəyini bilirdi. London Olimpiadasının açılış mərasimi üçün 42 milyon dollar xərclənmişdisə, Rio-2016 üçün bu məbləğ 20-21 milyon təşkil edirdi”. Bu sözləri Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova Rio-2016 Yay Olimpiya Oyunlarının açılış mərasimi ilə bağlı təəssüratlarını SportLine.az saytı ilə bölüşərkən deyib.

Hazırda Rio-de-Janeyroda olan S.Məmmədova mərasimin yadda qalan olmadığını bildirib: “Qeyri-adi heç nə yox idi. Tamaşaçılara xoş təsir bağışlayan yeganə məqam, rənagrənglik idi. Ümumiyyətlə, Braziliya deyəndə ağla karnaval, rəqslər, rəngarəng musiqi gəlir. Bu, yaxşı təsvir olunmuşdu”.

Tamaşaçıları xüsusi vurğulayan mətbuat katibi: “Bəzən, tamaşaçıların səsi musiqinin səsini batırırdı. Yerli əhali öz musiqisini çox sevir. Bunu yerli tamaşaçıların hərəkətlərindən oxumaq mümkün idi”, - deyə qeyd edib.

Təşkilatçılıqdan danışan S.Məmmədova çatışmazlıqların nəqliyyat məsələsində daha qabarıq nəzərə çarpdığını bildirib: “Açılış mərasiminə getmək istəyərkən avtobus problemi ilə üzləşdik. Tədbirə 3 saat qalmış, avtobus yox idi”.

Könüllülərin xidmətinin zəif təşkil olunduğunu deyən nazirlik nümayəndəsi onların əksəriyyətinin ingilis dilində danışmamasından şikayətlənib: “Könüllülər öz dillərində danışırlar. Nəsə soruşanda, başa düşmürlər və buna görə də, kömək edə bilmirlər”.

Media kəndindəki vəziyyətdən danışan S.Məmmədova qiymətlərin olduqca bahalı olduğunu söyləyib: “Media kəndində satılan ərzaq məhsulları, eləcə də, yeməkxanadakı qiymətlər çox bahadır. Yüksək qiymətin müqabilində isə görülən iş keyfiyyətli deyil. Uzun növbələr yaranır. Ümumiyyətlə, braziliyalılar çox tənbəldirlər və deyilənə görə, burada ən çox işlədilən söz, “sabah”dır. Bunu nəzərə alsaq, onda hər şey normaldır”.