Şikar Bədəlovu gözləyən ciddi sınaq
Kikboks üzrə dünya kəmərinin sahibi Şikar Bədəlov fevralın 4-də növbəti döyüşə çıxacaq.
Sportline.az xəbər verir ki, idmançımız bu dəfə "Kings of Kings" dünya kuboku çərçivəsində Türkiyənin İstanbul şəhərində Yahya Kemal Beyatlı Mərkəzində mərakeşli Noordin El Benmofla qarşılaşacaq.
Kikboks millimizin böyük məşqçisi, əməkdar məşqçi Hikmət Hacıyevin rəhbərliyi ilə görüşə hazırlaşan Bədəlov bu dəfə də qələbəyə iddialıdır: "Döyüşə şəxsi məşqçim Hikmət Hacıyevin rəhbərliyi altında yüksək səviyyədə hazırlaşmışam. Burada zəif rəqib olmur. Mən heç vaxt rəqibin döyüşünə baxmıram. Məncə, qələbə bizim olacaq. Keçəndəfəki kimi vaxtından əvvəl qələbə qazanacağam".
İdmançının döyüşə tam hazır olduğunu bildirən Hikmət Hacıyev Şikar Bədəlova inandığını bildirib: "Bizim üçün əsas mübarizə aparıb Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil etməkdir. Həmişə də buun öhdəsindən yüksək səviyyədə gəlmişik. Şikarın qələbələri həmişə möhtəşəm olub. Vaxtından əvvəl qazanılan qələbələr də kifayət qədərdir. Ümid edirəm ki, o kubok Azərbaycana gələcək".
Qeyd edək ki, nümayəndə heyətinin tərkibində Azərbaycan Kikboksinq Federasiyasının 1-ci vitse-prezidenti Ramal Aslanov da var.