Tamerlan Əzizovdan beynəlxalq turnirdə daha bir qələbə

Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə Bakı Tennis Akademiyasında beynəlxalq yarış keçirilir.

Sportline.az xəbər verir ki, yerli federasiya və Beynəlxalq Tennis Federasiyasının birgə əməkdaşlığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan 18 yaşlıların J4 Baku (Grade 4) beynəlxalq reytinqli tennis turnirində ikinci mərhələ başa çatıb.

İlk mərhələdə iranlı rəqibi Sam Pazokiyə göz açmağa imkan verməyən təmsilçimiz Tamerlan Əzizov 2-ci görüşdə də qələbə qazanıb. İdmançımız rusiyalı İvan Vladimirovla mübarizədə hər iki setdə qalib gəlib - 6:3 və 7:6. Tamerlan 1/4 finalda rusiyalı Amir Asilqocayevlə qarşılaşacaq.

1/4 finalda həmçinin belaruslu Ruslan Kastyukeviç rusiyalı Daniil Boqatovla, rumıniyalı David Kristian Karteputreda rusiyalı Viktor Kuznetsovla, rusiyalı Vladimir Pavlov həmyerlisi İqor Pleşivtsevlə üz-üzə gələcək.

Bir çox yerli və silsilə beynəlxalq yarışlara ev sahibliyi edən Bakı Tennis Akademiyasında keçirilən budəfəki turnirlər 11 dekabr tarixinədək davam edəcək.

Nisbətən yüksək reytinq verən bu turnirlər ilk dəfə olaraq ölkəmizdə təşkil olunur. Bu yarışlarda Azərbaycan ilə yanaşı, Belarus, Bolqarıstan, Fransa, Gürcüstan, Xorvatiya, İran, İsrail, İtaliya, Kanada, Özbəkistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Türkiyə və Ukraynadan olan idmançılar iştirak edirlər.