Tennis Federasiyasından nümunəvi addım

Gənclər və İdman Nazirliyinin “İdman həftəsi” çərçivəsində daha bir tədbir keçirilib.

Sportline.az xəbər verir ki, 1 və 2 saylı uşaq evinin sakinləri Bakı Tennis Akademiyasının qonağı olub.

Qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum uşaqlara Azərbaycan Tennis Federasiyasının müəllimləri tərəfindən əvvəlcə tennisin qaydaları öyrədilib. Daha sonra onlar tennis idman növündə bacarıqlarını göstəriblər. Ardınca uşaqlar populyar idman növlərindən olan minifutbolda da iştirak ediblər.

Məşqçi və müəllim heyəti ilə təəssüratlarını bölüşən uşaqlar akademiyada xoş vaxt keçirdiklərini bildiriblər. Daha sonra Novruz bayramının simvollarından sayılan Kosa və Keçəl uşaqları əyləndirib. Bu zaman müxtəlif oyunlar oynayan uşaqlar həmçinin mahnılar oxuyub, şeirlər səsləndiriblər.

Tədbir ziyafətlə yekunlaşıb.

Qeyd edək ki, bu cür sosial layihələrin davamlı olacağı bildirib.