Tennis üzrə Böyük Dəbilqədə qayda dəyişib
Tennis üzrə Böyük Dəbilqə turnirlərində tay-breyk qaydası dəyişib.
Sportline.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, Avstraliya Açıq, "Rolan Qarros" (Fransanın Açıq çempionatı), Uimbldon və ABŞ-ın Açıq çempionatında həlledici setlərdə tay-breyk 10 xaladək oynanılacaq.
Set 6:6 hesabı ilə bitsə, "super tay-breyk" adlanan oyun keçiriləcək, qələbə üçün 10 xal toplamaq və rəqibi iki top fərqi ilə üstələmək lazım gələcək. Əvvəllər tay-breykdə 7 xal toplayan idmançı qələbə əldə edirdi.
Qərar 22 may - 5 iyunda keçiriləcək "Rolan Qarros"dan qüvvəyə minəcək. Qayda təsnifat, kişi və qadınların tək, qoşa yarışlarında, həmçinin əlil arabasında paratennis və yeniyetmələrin təkbətək yarışlarında tətbiq ediləcək.
Uimbldon istisna olmaqla, digər üç Böyük Dəbilqədə qarışıq cütlüklər, gənc cütlüklər və əlil cütlüklərdə final seti əvəzinə 10 xallıq tay-breyk olacaq. Uimbldonda format eyni qalacaq.