Tennisçilərin Bakı çempionatı keçirilib

Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə Bakı Tennis Akademiyasında daha bir yarış keçirilib.

Sportline.az xəbər verir ki, söhbət Bakı çempionatından gedir. Noyabrın 7-də başlanan yarış 4 gün davam edib.

Çempionatda 12 yaşdan yuxarı 29 tennisçi mükafatlar uğrunda mübarizə aparıb. Müxtəlif yaş kateqoriyalarında keçirilən çempionatda 15 oğlan və 14 qız tək və qoşa yarışlarda qüvvəsini sınayıb. Hətta veteran tennisçilərin də iştirakı yarışa maraq qatıb.

Oğlanlardan Samir Qafarov, İmran Abdulla, Vasif Mütəllibov, Zaur Məmmədzadə, Ziya Ələkbərov, Asim Cəlilov, Yusif Rzayev, qızlardan isə Umayra Həşimova, Lalə Eyvazova, Reyhan Məmmədli, Lalə Kərimova, Zeynəb Hüseynzadə, Xədicə Cəfərquluzadə, Nurel Əliyeva mükafatçılar sırasına düşüb.

Yekunda qalib və mükafatçılar Azərbaycan Tennis Federasiyası tərəfindən medal və diplomlarla təltif olunublar.