"Barselona" DÇ-2022-də 10 futbolçunu izləyəcək
İspaniyanın "Barselona" klubu noyabrın 20-də Qətərdə start götürəcək dünya çempionatında 10 futbolçunu izləməyi planlaşdırır.
Sportline.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi heyəti gücləndirmək niyyyətindədir.
Klub sağ cinah müdafiəçisi mövqeyinə daha çox üstünlük verir. "Barselona" Portuqaliya millisindən Dioqu Dalo ("Mançester Yunayted"), Fransa yığmasından Benjamin Pavar ("Bavariya"), Belçika seçməsindən Toma Mönye ("Borussiya", Dortmund) və Argentina millisindən Xuan Foytun ("Vilyarreal") oyunlarına baxacaq.
Kataloniyalılar bundan əlavə, yarımmüdafiəçilər belçikalı Yuri Tilemans ("Lester"), Almaniya yığmasından İlkay Gündoğan ("Mançester Siti"), İspaniya seçməsindən Marko Asensio və portuqaliyalı Bernardu Silvanı ("Mançester Siti") gündəmdə saxlayacaq.
Klub hücumçulardan portuqaliyalı Rafael Leau ("Milan") və Almaniya millisindən Yusuf Mukokonu ("Borussiya", Dortmund) da izləyəcək.
Qeyd edək ki, mundial dekabrın 18-də başa çatacaq.