Baş məşqçi Ukraynanın DÇ-2022-yə birbaşa vəsiqə qazanmasına qarşı çıxdı
Ukrayna millisinin baş məşqçisi Aleksandr Petrakov yığmaya DÇ-2022-nin final mərhələsi üçün birbaşa vəsiqə verilməsinə qarşıdır.
Sportline.az xəbər verir ki, mütəxəssis bu barədə "Football News"a açıqlamasında danışıb. O, komandasının mundialda iştirak hüququ əldə etməsi üçün mübarizə aparmalı olduğunu deyib:
“Biz hamıya nə edəcəyimizi, dünya çempionatı üçün işlərimizin necə gedəcəyini söylədik. Şotlandiya ilə iyun ayında hansı tarixdə oynayacağımızı UEFA bizə bildirəcək. Biz hər şeyi müzakirə etdik, vəziyyəti tam başa düşürük. Amma bundan sonra hansı addımlar atacağımızı deməyəcəyəm. Biz oynamalıyıq, bu vəsiqəni özümüz qazanmalıyıq. Mən yalnız öz adıma danışıram. Ukrayna Futbol Federasiyasının prezidenti, İcraiyyə Komitəsi də var. Amma şəxsən mən birbaşa vəsiqə verilməsinin əleyhinəyəm, oynamaq lazımdır”.
Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya hərbi müdaxilə etdiyi üçün DÇ-2022-dən kənarlaşdırılıb. Ukrayna millisi isə turnirin pley-off mərhələsində Şotlandiya ilə qarşılaşacaq. İyun ayına təxiə salınmış matçın dəqiq tarixi və saatı hələlik məlum deyil.
Xatırladaq ki, bundan əvvəl mətbuatda ukraynalıların birbaşa dünya çempionatına buraxılması ilə bağlı çağırışlar olub.