Con İqan: "Azərbaycan millisinə qalib gəlmək istəyirik"
"Sabahkı oyunda qələbə qazanmağa çalışacağıq. Dublindəki matç çətin alınmışdı. İstədiyimiz nəticəni almadığımız üçün məyus olmuşduq. Bu dəfə qalib gəlmək istəyirik".
Sportline.az xəbər verir ki, bunu İrlandiya millisinin futbolçusu Con İqan Bakıda Azərbaycana qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.
29 yaşlı müdafiəçi rəqibin heyətində texnikalı futbolçuların olduğunu bildirib: "İlk görüşə yaxşı başlamışdıq. Amma 15-20 dəqiqədən sonra rəqib bizim üçün həyatı çətinləşdirdi. Uzaq məsafədən gözəl qolla hesabı açdılar. İkinci hissədə təzyiqi artırıb hesabı bərabərləşdirdik. Təəssüf ki, qələbə qolunu vura bilmədik".
İqan düşərgədə əhval-ruhiyyənin yüksək olduğunu söyləyib: "Komandada vəziyyət normaldır. İstədiyimiz nəticəni qazanacağımıza inanırıq. Qələbə gənclərin özünəinamını artıracaq".
Futbolçu komanda yoldaşı Kallum Robinsonun koronavirus əleyhinə pevənddən imtinası ilə bağlı məsələyə də toxunub: "Hər kəsin öz fikri, seçim hüququ var. O, vaksinə qarşı olduğunu deməyib. Sadəcə, bildirib ki, hələ peyvənd vurdurmaq istəmir. Bu məsələni kənara qoyub sabahkı görüşə köklənmək istəyirik".
Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - İrlandiya görüşü saat 20:00-da başlayacaq.