DÇ-2022-nin püşkü atılır

Bu gün Qətərin paytaxtı Dohada DÇ-2022-nin püşkatma mərasimi keçiriləcək. 

Sportline.az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Püşkü dünyanın 8 məşhur veteran futbolçusu çəkəcək. Onlar Azərbaycan əsilli iranlı keçmiş oyunçu Əli Daei, Adel Ahmed Malallah (Qətər), Bora Milutinoviç (Serbiya), Kafu (Braziliya), Cey-Cey Okoça (Nigeriya), Lotar Matteus (Almaniya), Rabah Macer (Əlcəzair) və Tim Keyhildir (Avstraliya). 

Püşkatmada səbətlərin tərkibi isə belədir: 

1-ci səbət: Qətər (ev sahibi), Braziliya, Belçika, Fransa, Argentina, İngiltərə, İspaniya, Portuqaliya

2-ci səbət: Niderland, Danimarka, Meksika, Almaniya, ABŞ, Uruqvay, İsveçrə, Xorvatiya

3-cü səbət: Seneqal, İran, Yaponiya, Mərakeş, Serbiya, Polşa, Cənubi Koreya, Tunis

4-cü səbət: Kanada, Kamerun, Ekvador, Səudiyyə Ərəbistanı, Qana, UEFA-nın pley-offunun qalibi, AFC- CONMEBOL pley-off-unun qalibi, - CONCACAF - OFC pley-offunun qalibi

Qeyd edək ki, hazırda mundialın final mərhələsinin 29 iştirakçısı məlumdur. Pley-off mərhələsində daha 3 komandanın adına iyunda aydınlıq gələcək. Avropa zonası üzrə Şotlandiya - Ukrayna oyununun qalibi finalda Uelslə üz-üzə gələcək. Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi Peru ilə, Yeni Zelandiya isə Kosta-Rika ilə görüşəcək.