Draqan Stoykoviç: "Sonuncu dəqiqəyədək üstünlük bizim tərəfimizdə oldu"
"Düşünürəm ki, ilk dəqiqədən sonuncu dəqiqəyədək üstünlük bizim tərəfimizdə oldu. Gözəl epizodlar, baxımlı qollar izlədik. Oyunçular yaxşı əhval-ruhiyyədə idi. Nəticənin əhəmiyyətini bilirdik. Gözlədiyimizi, istədiyimizi etdik".
Sportline.az "Report"a istinadən xəbər verir ki, bunu Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç evdə Azərbaycan millisini 3:1 hesabı ilə məğlub etdikləri 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.
56 yaşlı mütəxəssis bildirib ki, ilk hissənin sonlarındakı səhv üzündən buraxılan qola baxmayaraq, komandası sakitliyini qoruyub: "Yeni qol şanslarının olacağını bilir, buna inanırdıq. Əsas məqsəd qələbə qazanmaq idi. Matçdan öncə futbolçulara bu barədə demişdim. Oyunçularımız verilən tapşırıqları yaxşı icra etdilər ki, bu da nəticədə öz əksini tapdı".