Elmar Qasımov: "Ukraynalı rəqibimə qarşı çox güc sərf etdim"

"Bir az yorğunluq var idi. Olimpiadaya tam hazır vəziyyətdə çıxmışdım. İstəyirdim, məni dəstəkləyən azarkeşləri sevindirim". SportLine.az xəbər verir ki, bu sözləri Rio-2016 Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov deyib.

Yarışdakı çıxışı barədə fikirlərini bölüşən cüdoçumuz: "İlk görüşlərimdən görünürdü ki, hazırlığım yaxşıdır. Yarımfinalda ukraynalı rəqibimə qarşı görüşdə çox güc sərf etdim. Onunla sonadək var gücümlə güləşdim", - deyə bildirib.

Finalda məğlub olduğu çexiyalı Lukas Krpaleklə bir neçə dəfə qarşılaşdığını deyən idmançı, "Krpalek Olimpiadaya daha hazırlıqlı gəlmişdi. Nisbətən gücünü artırıb. Yaş da öz sözünü dedi. Həmçinin, yarımfinaldan sonra fasilə az oldu. Bu da yorğunluğu atmağa imkan vermədi", - deyə söyləyib.

Sabah mübarizəyə qoşulacaq Uşanqi Kokaurinin çətin sınaq qarşısında olduğunu deyən cüdoçumuz təmsilçimizin medal qazanacağına inanır: "Kokauri güclü rəqiblərlə qarşılaşacaq. Çempion olmaq şansı azdır. Amma inanıram ki, yer tutacaq".

"İdmandakı bütün nailiyyətlərimə görə, ilk növbədə, atama minnətdaram", - deyən Elmar Qasımov, "Bu idmanla məşğul olandan yeddi il sonra ilk qələbəmi qazanmışam. Həmin vaxta qədər valideynlərim mənə dəstək olub. Onlara təşəkkürümü bildidirirəm", - deyə qeyd edib.

Səmayə Məmmədova