Futbol ulduzu dünya çempionatından kənarda qaldı
Fransa millisinin hücumçusu Kərim Benzemanın zədə səbəbindən dünya çempionatında iştirak edə bilməyəcəyi rəsmən təsdiqlənib. Sportline.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Benzema əzələləri zədələndiyi üçün şənbə günü komandanın məşqini tərk etmək məcburiyyətində qalıb.
Fransa millisinin baş məşqçisi Didye Deşam federasiyanın rəsmi saytına açıqlamasında bu itkini belə şərh edib:
“Bu dünya çempionatının karyerasında əsas məqsədi olan Kərimə təəssüf edirəm. Fransa millisi üçün bu itkiyə baxmayaraq, mən öz komandama güvənirəm. Bu böyük sınaqdan tab gətirmək üçün hər şeyi edəcəyik”.
Fransa mətbuatının yazdığına görə, Benzemanın əvəzində milliyə “Mançester Yunayted”in hücumçusu Antoni Marsial dəvət olunub. Amma hələ federasiya bu barədə rəsmi açıqlama yaymayıb. 26 yaşlı hücumçu bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 7 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
Xatırladaq ki, daha öncə Pol Poqba, Nqolo Kante və daha bir neçə ulduz futbolçunun zədə səbəbindən Fransa yığmasının tərkibində dünya çempionatında iştirak edə bilməyəcəyi dəqiqləşmişdi.