İranın baş məşqçisi məğlubiyyəti məşq adlandırdı

"Məncə, oyunun nəticəsi 1-ci hissədə hesab 0:3 ikən həll olundu. Ondan sonra yeganə məqsədimiz oyundan həzz almaq və futbolumuzu göstərməyə çalışmaq idi".

Sportline.az xəbər verir ki, bu sözləri İran millisinin baş məşqçisi Karluş Keyroş DÇ-2022-nin qrup mərhələsinin ilk turunda İngiltərəyə 2:6 hesabı ilə uduzduqları oyunu şərh edərkən deyib.

O, daha sonra bildirib: "Artıq matçın əvvəlində bir komandanın digər təcrübəsi olmayan komandadan yüksək səviyyəli futbol nümayiş etdirdiyi hiss olunurdu. Amma ya qalib gəlirik, ya da öyrənirik. İngiltərə komandasından çox şey öyrənməkdən şərəf duyduq. Uelslə oyuna daha yaxşı hazırlaşacağıq".

Mütəxəssis futbolçuların ətraflarında olan problemlərə görə oyuna yaxşı köklənə bilmədiyini söyləyib: "Belə bir durumda İngiltərəyə 2 qol vurduqları üçün onlarla qürur duyuram. İllər öncə bütün dünyanın dəstəyini aldıq. İndi isə belə bir vəziyyət yoxdur. Ancaq qələbə qazananda bizi dəstəkləyən azarkeşləri istəmirəm".

 Kayruş bu oyununun onlar üçün yüksək səviyyədə bir məşq olduğunu deyib: "Hər şey qarşıdadır, 6 xal qazanıb qrupdan çıxa bilərik. Yaxşı dərs aldıq, inkişaf etdirməli olduğumuz məqamları öyrəndik. Bundan sonrakı oyunlarda qələbə qazanmaq üçün savaşacağıq".