İrlandiya millisinin baş məşqçisi: "Azərbaycanla oyunda çətinlik çəkəcəyik"
"Rəqibi dərindən təhlil etməyə çalışmırıq. Azərbaycanla səfər oyununa gedirsinizsə, mütləq çətinlik çəkəcəksiniz".
Sportline.az xəbər verir ki, bu fikirləri İrlandiya yığmasının baş məşqçisi Stiven Kenni Bakıda keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunu barədə "Extra.ie" saytına açıqlamasında deyib.
50 yaşlı mütəxəssis Serbiya yığmasının da III turda Azərbaycan səfərində çətinliklə üzləşdiyini xatırladıb: "Bu komanda çox qol buraxmır. Onların avrokuboklarda çıxış edən çoxlu futbolçusu var. Qələbə qazanmaq istəyirik və buna nail olacağımıza da inanıram".
Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq. Serbiya millisi eyni arenada 2:1 hesablı qələbə qazanıb.