Kazım Qurbanov: "Biz də istəyirik ki, milli idman növlərimiz hər zaman dünyada tanınsın"
Sportline.az Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Qurbanov Kazım Xanlar oğlunun Bakusport.az saytına müsahibəsini təqdim edir:
MDB oyunlarına necə hazırlaşdınız? Neçə idmançı ilə qatılıb, medal qazandınız?
Yarışlardan öncə Göygöl Olimpiya İdman Kompleksinin bazasında 21 gün hazırlıq keçdik. Kəmər və koreş güləşində MDB Oyunlarında təmsil olunduq. 6 oğlan 2 qız ilə qatılmışdıq yarışa. Kəmər güləşində Sənubər 3-cü oldu. Koreş idman növündə isə Camal mütləq çəkidə çempion, Əlisəftər 2-ci oldu. Elvar isə bürünc medal götürdü. Gənclər və İdman Nazirliyinə təşəkkür edirəm ki, bizim idmançılarımıza xüsusi qayğı göstərirlər. Pandemiyadan sonra ikinci səfərimiz idi. Gözəl nəticə ələ etdik. 60 medalla 4-cü olduq. Bu qədər medal qazanmaq hər ölkənin işi deyil. 2 idman növündə 8 nəfərə 4 medal qazandıq. Biri də qızıl oldu. Pandemiya olmasayadı qızıllar daha çox olacaqdı.
Regionlarda milli idman növlərinə maraq artırmaq üçün planlarınız varmı?
Planımız belədir ki, assosiasiyamızın nümayəndə heyəti və idmançılarımızla birgə regionlara səfər edək. Gənclərə seminarlar keçmək istəyirik. Milli idman növlərilə tanış etmək istəyirik onları. İlk səfərimiz cənub zonasınadır. Ardınca mütəmadi olaraq digər bölgələrə gedəcəyik.
Yeni Gənclər və İdman Naziri təyin olundu. Prezident tapşırıq verdi ki, yeni nazir federasiya və assosiasiyaların işi ilə tanış olsun. Bəs, siz bu görüşə hazırsınızmı?
Əvvəlcə, cənab Fərid Qayıbovu təbrik edirik. Ona bu işində uğurlar arzu edirik. Mən inanıram ki, hörmətli Fərid müəllim idmanın hər bir sahəsinə olduğu kimi milli idman növlərinə də xüsusi diqqət ayıracaq. Çünki, bu diqqət nə qədər böyük olarsa, idmançılarımızın da sayı o qədər artar.
Assosiasiyanın məşqçi heyəti ilə iş necə aparılır?
Bizim məşqlərimiz Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında davam edir. Rektor Fuad müəllim sağ olsun ki, bizə şərait yaradır. Assosiasiyamız İctimai Birlik olduğundan hər zaman Gənclər və İdman Nazirliyininin dəstəyini görüb. Xarici ölkələrə səfərlərdə də idmançılarımızın xərclərini qarşılayaraq bizə dəstək olurlar. Hətta milli güləş və zorxana akademiyada fənn kimi tədris olunur.
Qarşıda hansısa yarışa səfər gözlənilirmi?
Ola bilər ki, olsun. Bu bizim çağırılmağımızdan aslıdır. Qarşıda bizi çox yarışlar gözləyir. Ən mühümü isə 2023-cü ildə Türkiyədə Konya şəhərində İslam Həmrəyliyi Oyunları olacaq. Zorxana idman növü də orada olmalıdır. Amma qərar hələ açıqlanmayıb.
Gənclərə tövsiyələriniz nələrdir?
Gənclərimiz milli idmanımızla maraqlansınlar. Bu, onların öz seçimidir. Gələcək nəsil görəcək ki, milli idman növlərimiz onlara ruh yüksəkliyi verəcək. Əlimizdən gələni edəcəyik ki, gənclər bu idman növlərini unutmasınlar. Çox maraqlı növlərdir. Hətta hər il Novruz bayramı şənliklərində də idmançılarımız gözəl çıxışlar edirlər. Pandemiya qarşımızı kəsməsə, yarışlarımızı çoxaldacağıq. Türkiyədə, Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda milli idman növlərini şaxələndirirlər. Biz də istəyirik ki, milli idman növlərimiz hər zaman dünyada tanınsın. Bir şeyi də qeyd edim ki, hər il Novruz şənliyində cənab prezidentimiz İlham Əliyevlə görüşlərimiz olur. İslamiadada zorxana pəhləvan güləşi yarışı da həm ölkə başçısının, həm də ölkənin 1-ci vitse-prezidenti Mehriban Əliyevanın diqqəti mərkəzində idi. Bütün gənclərə tövsiyyə edirik ki, milli idman növlərinə maraq göstərsinlər.