“Mançester Siti” “zadəganlar”ın futbolçusunu istəyir
“Mançester Siti” sabiq sağ cinah müdafiəçisi Kayl Volkerin yerini tam doldura biləcək futbolçunu hələ tapmadığını düşünür və bu səbəbdən diqqətini “Çelsi”nin müdafiəçisi Malo Qustoya yönəldib.
Sportline.az insayder Niko Şikiraya istinadən xəbər verir ki, Fransa millisinin üzvü olan futbolçu “şəhərlilər”in rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Bundan əlavə Enzo Mareska “Siti”yə keçəcəyi təqdirdə, italiyalı mütəxəssis yenidən futbolçu ilə birlikdə çalışmaq istəyir.
22 yaşlı müdafiəçi 2023-cü ildə təxminən 30 milyon funt sterlinq qarşılığında “Çelsi”yə transfer olunub. “Mançester Siti” isə onu sağ müdafiə mövqeyi üçün uzunmüddətli həll variantı hesab edir.
Qeyd edək ki, Qusto “Çelsi”nin heyətində ötən mövsüm 56 görüşdə meydanda olub, 3 qol və 6 asistlə yadda qalıb. Onun müqavilə müddəti 2030-cu ilin yayında bitir.