Məhəmmədəli Mehdiyev: "İlk iki görüşdə böyük enerji sərf etdim"
"İlk görüşümdə Rusiya təmsilçisi ilə qarşılaşdım. İki ay əvvəl Bakıda keçirilən "Böyük Dəbilqə" yarışlarında ona məğlub olmuşdum. Bu dəfə məqsədim, qələbə idi. Sonadək vuruşdum və qalib gəldim". SportLine.az xəbər verir ki, bu sözləri Azərbaycan cüdo seçməsinin üzvü Məhəmmədəli Mehdiyev Rio-2016 Olimpiadasındakı çıxışını dəyərləndirərkən deyib.
1/4 finalda koreyalı idmançıya uduzan cüdoçumuz məğlubiyyətə əsas səbəb kimi yorğunluğu göstərib: "İlk iki görüşdə böyük enerji sərf etmişdim. 1/8 finaldan sonra koreyalı idmançı ilə döyüşə az vaxt qalmışdı. Bu da dincəlməyə mane oldu. 1/4 final döyüşündə halsız idim".
Tatamiyə ağrıkəsici ilə çıxdığını deyən Məhəmmədəli Mehdiyev, "Meksikadakı "World Masters" turnirində də görüşlərə ağrıkəsici ilə çıxırdım. Bakıdakı müayinədən sonra məlum oldu ki, belimdə yırtıq var. Buna görə, Olimpiadadakı görüşlərə də ağrıkəsici ilə çıxmalı oldum. Bakıya qayıdandan sonra müəlicəmi davam etdirəcəm", - deyə bildirib.
Səmayə Məmmədova