Misir FIFA-dan Seneqalla təkrar oyun istədi
Misir Futbol Asossasiyası FİFA-dan DÇ-2022-nin pley-off mərhələsində Seneqalla cavab oyununun təkrar keçirilməsini istəyib.
Sportline.az xəbər verir ki, bu barədə qurumun prezidenti Camal Allam danışıb. O, rəqibin azarkeşlərinin misirli futbolçulara şüşə və daş atmasını, komandanı daşıyan avtobusa hücum etməsini əsas gətirərək FİFA-ya müraciət ünvanladıqlarını bildirib:
“Mən FİFA Konqresində iştirak etmək üçün Qətərə getdim. FİFA prezidenti Canni İnfantino ilə görüş istədik. Hadisə ilə bağlı İntizam Komitəsinə məlumat verəcəyik və cavab gözləyəcəyik. Qarşılaşmada başımıza çox şey gəldi. Futbolçularımız hücuma məruz qalıb və bütün bunlar şikayətimizdə qeyd olunub. Qarşılaşma qəribə ab-havada keçdiyi üçün oyunun təkrarını istədik. Normal şəraitdə uduzsaydıq, Seneqalı təbrik edərdik və hər şey başa çatardı”.
Qeyd edək ki, komandalar arasında ilk görüşdə Misir 1:0 hesabı ilə qalib gəlib. Cavab matçında əsas və əlavə vaxt Seneqalın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Penaltilər seriyasında isə Seneqal Misiri 3:1 hesabı ilə üstələyərək DÇ-2022-nin final mərhələsində vəsiqə əldə edib.