Mundialın ən yaşlı və ən gənc futbolçuları açıqlanıb
Noyabrın 20-də Qətərdə başlanacaq dünya çempionatının ən yaşlı və ən gənc futbolçuları bəlli olub.
Sportline.az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Meksika millisinin 40 yaşlı qapıçısı Alfredo Talavera və Almaniya millisinin 18 yaşlı hücumçusu Yussuf Mukoko müvafiq olaraq ilk pillələrdə qərarlaşıb.
Mundialın ən yaşlı oyunçularının sıralamasında növbəti 4 yeri Kanadadan Atiba Hatçinson, Portuqaliyadan Pepe, Yaponiyadan Eydzi Kavasima və Braziliyadan Dani Alves bölüşdürür. Onların hər birinin 39 yaşı var.
Ən gənc futbolçuların siyahısında isə Avstraliyadan Qaranq Koul 2-ci, İspaniyadan Qavi 3-cü sırada yer alıb. Hər iki futbolçunun 18 yaşı olsa da, Koulun Mukoko ilə gün, Qavinin isə ay fərqi var.
Qeyd edək ki, dünya çempionatı dekabrın 18-dək davam edəcək.