Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub

Naxçıvan şəhərində "Sağlam həyat" günləri təşkil olunub.

Sportline.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbovun rəhbərliyi ilə nümayəndə heyəti və digər rəsmi şəxslər idmançıların nümunəvi çıxışlarına tamaşa ediblər.

Tədbirdə müxtəlif yaş qruplarından olan iştirakçılar qaçış, yerindən uzunluğa tullanma, top atma, ağırlıqqaldırma, turnik, paralel qollar, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi ("jim" və "press") normativlərini yerinə yetiriblər. Normativləri yerinə yetirən bütün iştirakçılara sertifikatlar təqdim olunub.

Həmçinin gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 14-cü dəfə görüşüb. Ənənəyə uyğun olaraq, bu dəfə də görüş paytaxtdan kənarda, Naxçıvan şəhərində keçirilib.

Muxtar Respublikanın Gənclər və İdman Nazirliyində təşkil olunan görüşdə Fərid Qayıbov Bakı şəhərinin 2026-cı il üçün dünyanın “İdman Paytaxtı” seçilməsi münasibətilə görüş iştirakçılarını təbrik edib və son vaxtlar görülmüş işlər, qarşıda duran vəzifələr haqqında danışıb.

Görüşün gündəliyinə əsasən, Paris-2024 Yay Olimpiya Oyunlarına idman növləri üzrə hazırlıq, Türkiyə-Azərbaycan gənclər və idman sahəsində əməkdaşlıq, işçi qrupunun ikinci iclası barədə fikir və təkliflər dinlənilib.

Görüşdə həmçinin milliləşdirilmiş idmançılarla bağlı məsələlər, “Üzməyi öyrənək” layihəsinin gedişatı haqqında fikir mübadiləsi aparılıb. İdman federasiyalarının sosial media hesabatı və digər məsələlər müzakirə edilib.