“Neftçi”nin yaranma tarixi: sosial, yoxsa inzibati sifariş?

1937-ci ilin adı çəkiləndə sadə azərbaycanlıların ağlına ilk olaraq, Stalinin repressiya siyasəti, xalqımızın işıqlı övladlarına, ziyalılarına qarşı Sovet rejminin törətdiyi cinayətlər gəlir. Mənfur rejim həmin illərdə neçə-neçə dəyərli Azərbaycan övladını Sibirə sürgün etmiş, qapalı məhkəmələrdə onlar barəsində ölüm hökmü verilmişdir. Tariximizin bu faciəli səhifəsi nəsildən-nəsilə ötürülməklə qan yaddaşına çevrilib. Bu ağrı-acını, əvəzsiz itkilərin nisgilini daim hiss etmişik. 

Həyatın yazılmamış qaydalarından biridir. Bir gözünlə ağlayanda digəri ilə gülməyə məcbursan. Elə bu səbəbdən də, 1937-ci ili təkcə repressiya ili kimi yox, Azərbaycan futbolunun əhəmiyyətli bir səhifəsinin başlanğıcı kimi qəbul etməyə, xatırlamağa çalışırıq. Çünki, 1937-ci il Azərbaycan futbolunun bayraqdarı sayılan “Neftçi”nin yarandığı ildir.

“Neftçi”yə qədərki Azərbaycan futbolu

Futbol 22 nəfərin topun dalınca qaçdığı sadə oyun deyil, milyonların sehrinə düşdüyü və könül verdiyi möcüzədir. Bunu futbolla maraqlanmayanlar, ən azından özünü belə göstərməyə çalışanlar belə etiraf etməyə məcburdur. Bütün dünya bu ehtiraslı, həyacanlı, sevinc və kədərin daim bir-birini əvəzlədiyi oyunun sehrinə düşüb. Elə dünyanın bir parçası olan bizim vətənimiz Azərbaycan da. 

1863-cü ilin payızında Londonda formalaşmağa başlayan top oyununun, yəni futbolun səsi-sorağı Bakıya XX əsrin əvvəllərində çatıb. Düzdür, rəsmi mənbələrdə Azərbaycan futbolunun yaranma tarixi 1911-ci il göstərilir. Amma, azı 5-6 il əvvəl Bakıda ilk komandalar meydana çıxmağa, neft mədənlərində çalışan fəhlələr “dəri kürə”nin arxasınca qaçmağa başlayıblar. Sözsüz ki, bunda Bakıdakı neft mədənlərində çalışmağa gələn ingilis mütəxəssislərin və çar Rusiyasının yaxın-uzaq ellərindən ölkəmizə üz tutan digər millətlərin nümayəndələrinin əvəzsiz rolu olub. Onlar Azərbaycana təkcə özlərini və ailələrini yox, həyat tərzlərini, istirahət və əyləncələrini də gətirmişdilər. Britaniyalılar neft mədənlərinin yaxınlığındakı boş ərazilərdə tez-tez futbol oynasalar da, yerli fəhlələri öz komandalarına buraxmağa elə də həvəsli olmayıblar. Belədə, yerlilər də çıxış yolunu bir araya gəlməkdə, özlərinə komanda yaratmaqda görüblər.

Tarixi mənbələrdə ilk belə komandanın 1907-ci ildə, Sabunçudakı neft mədənlərində çalışan fəhlələr tərəfindən formalaşdırılması haqda məlumatlara rast gəlmək mümkündür. Bu dalğa tezliklə digər mədənləri, daha sonra isə Bakının demək olar ki, bütün məhəllələrini öz ağuşuna alır. Tezliklə, Bakıda ingilislərin “Britaniya klubu”ndan savayı heyətində yerli gənclərin üstünlük təşkil etdiyi “Stella”, “İdmançı”, “Konqress”,  “Adamovçular” “Beloy” və “Balaxanı futbolçular dərnəyi” adlı komandalar yaradıldı. 1911-ci ildə qurulan “Balaxanı futbolçular dərnəyi” məhz “Neftçi”nin əsası hesab edilir. 

Balaxanılı futbolçular 1914-cü ildən Bakı Futbol İttifaqının üzvü olur, şəhər birinciliyinə qatılırlar. Çox keçmir ki, “Balaxanı futbolçular dərnəyi” öz sözünü deməyə başlayır, 1916-cı və 17-ci illərdə Bakı birinciliyinin qalibi olmağı bacarır. Daha yaxşı təşkilatlanmağa və güclənməyə çalışan Balaxanı təmsilçisi Sovet hakimiyyətinin ilk ilində, yəni 1920-ci ildə adını “Tərəqqi”yə dəyişir. Tezliklə “Tərəqqi”ni təkcə Bakıda və Azərbaycanda deyil, qonşu Gürcüstanda və Ermənistanda da tanışmağa başlayırlar. Çox keçmir ki, bu komanda bütün Zaqafqaziyanın ən güclülərindən birinə çevrilir. 1923-1926-cı illərdə Zaqafqaziya Komsomol Olimpiadalarında paytaxtımızı təmsil edən komandanın əsasını məhz “Tərəqqi”nin üzvləri təşkil edirdi. Bakılı oğlanlar bu yarış çərçivəsində Ermənistana 4:0, Gürcüstana isə 4:3 hesabıyla qalib gələrək Zaqafqaziyanın çempionu adını da qazanmağı bacarıblar. 

1936-cı ilin mayında SSRİ Xalq Komissarları Soveti idman komandalarının və yarışlarının təşkili ilə bağlı yeni qərar verir. Həmin qərara əsasən xalq komitetlərinin əsasında yaradılmış idman cəmiyyətləri ləğv edilir, istehsalatın ayrı-ayrı sahələrində və Həmkarlar İttifaqlarının nəzdində yeni könüllü idman cəmiyyətləri yaradılır. Ardınca isə SSRİ-də idman yarışları yığmaların arasında yox, məhz yeni yaradılan cəmiyyətlər arasında keçirilməyə başlayır. Bu isə yeni mərhələnin başlanğıcı idi...

“Neftçi” belə yarandı

Artıq həmin dövrdə SSRİ-nin müttəfiq respublikalarında hakimiyyət tərəfindən dəstəklənən, bütövlükdə həmin respublikaların ittifaq miqyaslı yarışlarda əsas simasına çevrilən komandalar yaradılmaqda idi. Tarixin müqayisəli təhlilini aparanda Azərbaycanın bu mənada bir çox ölkələrdən geri qaldığını görmək mümkündür. Düzdür, “Neftçi” bu mənada 1954-cü ildə yaradılan “Kayrat”ı və ondan daha iki yaş cavan olan “Paxtakor”u üstələyir. Amma keçmiş SSRİ-nin bir çox komandalarından geri qaldığımız da tarixi faktdır. Hələ 1937-ci ilə qədər bir çox respublikalarda “xalq komandaları” həyata vəsiqə qazanmış, müxtəlif yarışların iştirakçılarına çevrilmişdi. Həmin dövrlərdə bu proses həm sosial sifariş, həm də, hakimiyyət dairələrinin inzibati tələbi formasında həyata keçirilirdi. Müqayisə üçün deyək ki, Moskva “Spartak”ının tarixi 1922-ci ilin mayından, Tbilisi “Dinamo”sunda 1925-ci ildən, onun kiyevli və minskli adaşında 1927-ci ildən hesablanır. Mənfur ermənilər isə “Ararat”ın yaradılmasına 1935-ci ildə nail olublar.

Bütün SSRİ-də Bakı neftiylə ad çıxaran Azərbaycanın məhz “qara qızılı” xatırladan komandayla tanınacağı da məhz tarixi zərurət idi. Həmin zərurət isə, 1936-cı ilin sonlarında, 1937-ci ilin əvvəllərində gerçəkləşməyə başladı. “Neftyannik” Könüllü İdman Cəmiyyəti Bakıda ayrı-ayrılıqda fəaliyyət göstərən neftlə bağlılığı olan idarə və müəssisələrin yığmalarını bir təşkilatda birləşdirməliydi. Həmin proses yaz aylarına qədər yekunlaşdı və “Neftyannik” həyata vəsiqə qazandı. Təəssüflər olsun ki, o dövrlərdə neft müəssislərinə, ümumilkdə əksər təşkilatlara rəhbərlik edənlər rusdilli idilər. Elə həmin səbəbdən də komandanın adı “Neftçi” kimi yox, məhz “Neftyannik” kimi qeyd olundu. Qeyd etdiyimiz kimi, əvvəllər “Balaxanı Futbolçular Dərnəyi” və “Tərəqqi” (“Proqres”) adı altında çıxış etmiş “Leninneft” Neftçıxarma İdarəsinin komandası “Neftyannik”in bazasına çevrildi. İdman Cəmiyyətinin ilk sədri isə, həmin dövrlərdə fəal təşkilatçı kimi ad çıxaran M. Səadətxan olub. 21 mart 1937-ci ildə “Azərbaycan Bədən tərbiyyəçisi” qəzetində komandanın heyəti belə təqdim edilir: Cəfərov, İsmayılov, Rıjov, Vıboronov, Nexoroşev, Nifontov, Abramov, Kuznetsov, Luşnikov, Mironov, Ştırlin, Makaqonov, Krasilnikov, Sidorenko. 

Maraqlıdır ki, “Neftyannik” rəsmi yarışlarda ilk qolunu Bakıda ermənilərin qapısına vurub. Bu tarixi hadisə 1937-ci ilin 24 mayında yaşanıb. Pavel Ştırlin İrəvan təmsilçisi “Dinamo”nun qapısına 87-ci dəqiqədə yol tapmaqla adını komandanın tarixinə “qızıl hərf”lərlə yazdırıb. Qeyd edək ki, həmin qarşılaşma SSRİ kubokunun 1/64 final mərhələsində keçirilib. Növbəti mərhələdə “Neftyannik”in rəqibi yenə də “Dinamo” olub, amma bu dəfə komanda İrəvanı yox, Batumini təmsil edirmiş. 1/32 mərhələni də uğurlu keçən “Neftyannik”in üçüncü rəqibinin də adı “Dinamo” olması xeyli maraqlıdır. Təəssüflər olsun, Tbilisi “Dinamo”çuları komandamız üçün keçilməs səddə çevrilir. İlk məğlubiyyətini alan Azərbaycan təmsilçisi kubok uğrunda mübarizədən kənarda qalır. Bu məğlubiyyət “Neftyannik”in debüt ilindəki uğursuzluqların başlanğıcı olur. Hər halda “ağ-qaralar”ın qatıldığı ilk SSRİ çempionatının “Q” qrupunda 12 komanda arasında 11-ci olmasını başqa cür qiymətləndirmək mümkün deyil. İyulun 18-də Stalinqradda ilk oyununu keçirən komandamız ardıcı 4 səfər oyununda məğlubiyyətə üzülür. İlk üç oyunda heç fərqlənmək də mümkün olmur. Yalnız 4-cü oyunda Qnezdov bu sindroma son qoyur. Bununla da Qnezdov “Neftyannik”in SSRİ çempionatlarında ilk qolunun müəllifinə çevrilir. Komandamız ilk qələbəsini sentyabrın 1-də Yerevanda qazanır. Məlumat üçün qeyd edək ki, çempionatın sonunda da bakılılar turnir cədvəlində təkcə Ermənistan təmsilçisi “Spartak”ı qabaqlamışdılar.

Qarşıda isə “Neftyannik”i enişli-yoxuşlu, yaxşı və pis günlərlə zəngin tarix gözləyirdi. Bu tarixə birlikdə nəzər salacağıq.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir