Orxan Səfərov: "Olimpiya Oyunlarını gözündə böyütməməlisən"

"İlk iki rəqibim nisbətən asan idi. Üçüncü rəqibim - Felipe Kitadai Olimpiya mükafatçısı idi və kifayət qədər çətin görüş oldu.  Yarımfinalda isə son dünya çempionu Yeldos Smetovla qarşılaşdım. Üzərimdə böyük məsuliyyət hiss edirdim. Hamı medal gözləyirdi. Bəlkə də, buna görə həlledici anda çətinlik çəkdim". SportLine.az xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında cüdo üzrə Olimpiya seçməmizin üzvü Orxan Səfərov deyib.

Olimpiadadakı çıxışını dəyərləndirən cüdoçu, "Çıxışlardan əvvəl mütəxəssislər beş favorit göstərirdilər: qazaxıstanlı, koreyalı, rusiyalı və özbəkistanlı idmançı ilə yanaşı, mən də çempionluğa namizədlərdən idim. Digər favoritlər medal qazandı, məndən başqa", - deyə bildirib.

Sondakı uğursuzluğun səbəblərindən danışan Orxan Səfərov bunları deyib: "Olimpiadada debüt edirdim. Çıxışımı başa vurandan sonra özüm üçün onu dəqiqləşdirdim ki, Olimpiya Oyunlarını gözündə böyütməməlisən. Daha az məsuliyyətli olmalısan. Yalnız bununla daha sərbəst çıxış edə və öz gücünü sərgiləyə bilərsən. Psixoloji cəhətdən rahat olmaq vacibdir".

Xatırladaq ki, Orxan Səfərov Olimpiadanı beşinci pillədə bitirib.