PSJ və "Botafoqo" növbəti mərhələyə yüksəlib

Fransanın PSJ və Braziliyanın “Botafoqo” komandaları ABŞ-də keçirilən klublararası dünya çempionatının pley-off mərhələsinə çıxıblar.

Sportline.az xəbər verir ki, B qrupunun son turunda PSJ ABŞ təmsilçisi “Sietl”i 2:0 hesabı ilə məğlub edib, “Botafoqo” isə İspaniyanın “Atletiko” komandasına 0:1 hesabı ilə uduzub.

PSJ-nin heyətində gürcü yarımmüdafiəçi Xviça Kvaratxeliya fərqlənib.

PSJ, “Botafoqo” və “Atletiko” hərəyə 6 xal toplayıblar. Bu komandalar arasındakı matçlarda qol fərqinə görə qrupda birinci yeri PSJ tutub. “Botafoqo” ikinci, “Atletiko” üçüncü olub. “Sietl” xal qazana bilməyib.

Pley-offun ilk mərhələsinin görüşləri 28 iyun – 1 iyul tarixlərində keçiriləcək.