"Qarabağ"ın futbolçusunun son durumu
“Qarabağ”ın əvəzedici komandasının məşq zamanı halı pisləşən futbolçusu Şirxan Həsənzadənin vəziyyəti ağır-sabit olaraq qiymətləndirilir.
Bunu Sportline.az saytına açıqlamasında Liv Bona Dea Hospitalın Baş Həkimi, ürək-damar cərrahı Cabir Gülmalıyev deyib:
“Qarabağ”ın əvəzedici komandasının məşq zamanı halı pisləşən futbolçusu Şirxan Həsənzadə hadisədən sonra ən yaxın hospitallardan birinə aparılıb və ilkin tibbi yardım göstərilmişdir. Aprelin 22-si günün ikinci yarısında Liv Bona Dea Hospitala köçürülən futbolçuya əvvəlki sağlamlıq muayinələri tərəfimizdən həyata keçirilmədiyi üçün ilkin ürək və ağciyər damarlarının anjioqrafiyası və exokardiyoqrafiya olunmuşdur. Kəskin miokardit diaqnozu ilə hospitalizasiya olunan futbolçunun ürək funksiyalarının zamanla ciddi pozulduğu müşahidə olunduğundan gecə saatlarında ürək-ağciyər sistemini dəstək üçün ECMO cihazına qoşulması qərarlaşdırılmışdır. Hal hazırda ECMO dəstəyində reanimasiyada təqib olan xəstənin vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir".