Qətər mundiala hazır deyil
DÇ-2022 öncəsi ev sahibi Qətərdə problemlər davam edir.
Sportline.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Qətərin əsas hava limanı - Həməd Beynəlxalq Hava Limanı ziyarətçilərin təhlükəsizliyini riskə ata biləcək kütləvi sərnişin axınına hazır deyil. Hava limanının bəzi işçiləri narahatdırlar ki, uçuşların sayını iki dəfədən çox artırmaqla (gündə 700-dən 1600-ə qədər) vəzifələrin öhdəsindən gələ bilməyəcəklər. Çünki onlar artıq təzyiq altındadırlar. Rəsmilərdən biri vəziyyəti “böhran” kimi qiymətləndirib.
İşçi axtarışında olan hava limanında lazımi təhsili olmayan şəxslər işə götürülür. Məsələn, yeni başlayanlar 20-30 saat məşq edirlər ki, bu da təcrübəli işçilərin fikrincə, hava limanının planı və istismar məsələləri ilə tanış olmaq üçün kifayət etmir.
Bundan başqa, iddia olunur ki, bu müddət ərzində hava limanının əməkdaşları qorxudulur və iş yerini dəyişmələrinin qarşısı alınır.
Bundan əlavə, işçilər üçün avqustdan dekabrın sonuna qədər olan bütün məzuniyyətlər ləğv edilib.