Rio-2016: Elmar Qasımov finalda uduzdu

Rio-2016 Yay Olimpiya Oyunlarının növbəti günü cüdo yarışları davam edir. SportLine.az xəbər verir ki, bu növdəki daha bir medal ümidimiz - Elmar Qasımov tatamiyə çıxıb.

100 kq-dək çəki dərəcəsində yarışan idmançımız ilk mərhələdə Rusiya təmsilçisi, London Olimpiadasının qalibi Taqir Xaybulayevlə qarşılaşıb. Güclü rəqibini məğlub edən Qasımov 1/8 finala yüksəlib.

Cüdoçumuzun növbəti rəqibi Lyes Boyakub (Əlcəzair) olub. Burada da üstün olan təmsilçimiz adını 1/4 finala yazdırıb.

Bu mərhələdə Elmar Qasımov misirli Ramadan Dərvişlə üz-üzə gəlib. İpponla qalib gələn cüdoçumuz yarımfinala vəsiqə qazanıb.

Təmsilçimizin final yolundakı rəqibi ukraynalı Artyom Bloşenko olub. Bu dəfə də rəqibini ipponla üstələyən idmançımız həlledici görüşə yüksəlib.

Finalda isə Elmar Qasımov Çexiya təmsilçisi Lukas Krpalek ilə qarşılaşıb. Həlledici anda büdrəyən təmsilçimiz gümüş medalla kifayətlənib. 

Qeyd edək ki, bu, Azərbaycan komandasının Rio-2016-da 2-ci gümüş medalıdır. 

12 avqust 2016
Rio-2016, Cüdo
-100 kq, FİNAL


Elmar Qasımov 0 - 1 0 0 Lukas Krpalek (Çexiya)