Rio-2016: Məhəmmədəli Mehdiyev mübarizəni medalsız başa vurdu
Rio-2016 Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edir. SportLine.az xəbər verir ki, növbəti gündə daha bir cüdoçumuz tatamiyə çıxıb.
90 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Mehdiyev ümidləri doğrultmağa çalışıb. Onun ilk rəqibi rusiyalı Kirill Denisov olub. Qızıl xalla qalib gələn idmançımız 1/8 finala yüksəlib.
Növbəti rəqib Braziliya təmsilçisi Tiaqo Kamilo olub. Yerli idmançı ilə gərgin keçən mübarizənin sonunda üstün olan cüdoçumuz 1/4 finala vəsiqəni təmin edib.
Yarımfinala yüksəlmək uğrunda təmsilçimiz cənubi koreyalı Donqan Qvak ilə qarşılaşıb. Təəssüf ki, Məhəmmədəli Mehdiyev uğurun davamını gətirə bilməyib.
Beləliklə, idmançımız mübarizəni 1/4 finalda dayandırıb.
Bununla belə, cüdoçumuz medal şansını qoruyub. Təsəlliverici görüşlərə qatılacaq Mehdiyevin ilk rəqib monqolustanlı idmançı Otqonbaatar Lxaqvasuren olub. Lakin burada da məğlub olan təmsilçimiz mübarizəni medalsız başa vurub.
Xatırladaq ki, indiyədək mübarizə aparan üç cüdoçumuzdan yalnız biri - Rüstəm Orucov fəxri kürsüyə yüksəlib.