Rio-2016: Rüstəm Orucov finalda uduzdu

Rio-2016 Yay Olimpiya Oyunlarının növbəti günündə cüdo yarışları davam edib. SportLine.az xəbər verir ki, bu növdəki daha bir medal ümidimiz - Rüstəm Orucov ümidləri doğrultmağa çalışıb.

73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız ilk görüşünü 1/16 final mərhələsi çərçivəsində keçirib. Burada təmsilçimizin rəqibi Didar Həmzə (Qazaxıstan) olub. Qarşılaşma cüdoçumuzun qələbəsi ilə yekunlaşıb.

1/8 finalda rəqib Avstraliya təmsilçisi Ceyk Bensted olub. Bu mərhələdə rəqibini ipponla üstələyən idmançımız 1/4 finala yüksəlib. Macarıstanlı Mikloş Unqvaridən də güclü olan Rüstəm Orucov yarımfinala vəsiqəni təmin edib.

Finalın bir addımlığında təmsilçimiz israilli Saqi Muki ilə üz-üzə gəlib. Burada da rəqibinə şans tanımayan Rüstəm finala vəsiqəni təmin edib. 

Qızıl medal uğrunda cüdoçumuzun rəqibi Şohei Ono (Yaponiya) olub. Həlledici anda məğlub olan Rüstəm Orucov Olimpiadada çıxışını gümüş medalla başa vurub. 

Beləliklə, Azərbaycan Rio-2016-da ilk medalını qazanıb.

Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunsa da, onlardan artıq 2-si Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) mübarizəni medalsız başa vurub.