Rüstəm Orucov: "Tatamiyə çıxanda qızıl barədə düşünürdüm"

"Təbii ki, qızıl qazanmaq istəyirdim. Amma gümüşə də razı idim. Çünki, bu Olimpiadada ilk medalımız idi. Ümid edirəm, bunun ardını digər idmançılarımız gətirəcək". SportLine.az xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında Rio-2016-da ilk medalımızın sahibi Rüstəm Orucov deyib.

Final görüşü haqda danışan cüdoçumuz qızıl medal əldə etmək üçün əlindən gələni etdiyini bildirib: "Tatamiyə çıxanda qızıl barədə düşünürdüm. Fikirləşirdim, məğlub olsam da, sonadək vuruşacam. Rəqibim çox güclü idi. Xüsusilə, fiziki cəhətdən məni qabaqlayırdı. Məhz bu məqam həlledici oldu".

Olimpiya medalını qazanmağın xoş hiss olduğunu deyən idmançımız: "Fərqi yoxdur, birinci medalı qazanırsan, yoxsa ikinci. Əsas odur, Olimpiadada fəxri kürsüyə qalxasan. İnanıram ki, bundan sonra da təmsilçilərimiz aktivimizə medallar yazdıracaqlar. Boks və güləş komandamızdan qızıl medallar gözləyirəm. Cüdoçumuz Elmar Qasımovun da uğurlu çıxışına inanıram. İlk rəqibi çox güclüdür. Onu keçə bilsə, finaladək irəliləyəcək".

Ona təqdim olunacaq mükafatla ev alacağını deyən idmançımız: "Sentyabrda ata olacağam. Evə ehtiyacım var. Mükafatla ev alacağam", - deyə qeyd edib.