Serbiyalı futbolçu: "Azərbaycanla oyunda çətinlik çəkdik"
"Vacib qələbə qazanaraq, seçmə mərhələdə qarşımıza qoyduğumuz hədəfə doğru yeni addım atdıq".
Sportline.az xəbər verir ki, bu fikiləri Serbiya yığmasının futbolçusu Stefan Mitroviç evdə Azərbaycan millisinə 3:1 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyunu barədə danışarkən deyib.
31 yaşlı müdafiəçi ilk hissənin sonunda qol buraxmaları səbəbindən bir qədər çətinlik çəkdiklərini bildirib: "Bu qola qədər oyuna nəzarət edirdik. İlk yarıda daha bir neçə qol vurmalı idik. Amma alınmadı. Hücumda aqressiv çıxış etdik. Bizim üçün ən başlıcası üç xal qazanmaqdır. Artıq Portuqaliya ilə matça rahat gedəcəyik. Bu, görüş bizim üçün finala bərabərdir".
Qeyd edək ki, hazırda Serbiya yığması 7 oyundan 17 xalla A qrupunun lideridir. 6 matçda 16 xal toplamış Portuqaliya 2-ci pillədə yer alıb. 7 qarşılaşmadan cəmi 1 xalla ayrılmağı bacaran Azərbaycan yığmasının isə qrup sonuncusu olacağı dəqiqləşib. Portuqaliya - Serbiya qarşılaşması noyabrın 14-də keçiriləcək.