Ukrayna İran millisinin dünya çempionatından kənarlaşdırılması üçün FIFA-ya müraciət edib
Ukrayna Futbol Assosiasiyasının (UAF) İcraiyyə Komitəsi İran millisinin dünya çempionatından kənarlaşdırılmasını istəyir.
Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, qurum Asiya təmsilçisinin mundialda iştirakına qadağa qoyulması xahişi ilə FIFA-ya müraciət edib.
UAF iddia edir ki, İran Rusiyaya hərbi yardım edir, həmçinin, ali futbol qurumunun nizamnaməsinin təşkilat üzvlərini insan hüquqlarına hörmətlə yanaşmağa və ayrı-seçkiliyə qarşı mübarizə aparmağa məcbur edən 3 və 4-cü maddələrini pozur.
Daha əvvəl "Open Stadiums" qadın hüquq müdafiə təşkilatı İran millisinin DÇ-2022-yə buraxılmaması üçün FIFA-ya müraciət ünvanlayıb.
Qeyd edək ki, dünya çempionatı bu il noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. İran yığması İngiltərə, ABŞ və Uelslə bir qrupda mübarizə aparacaq.