Yan Oblak "Qarabağ"ı unuda bilmir

Madridin “Atletiko” klubunun qapıçısı Yan Oblak “Marca” nəşrinə verdiyi müsahibədə futbolçu karyerasında yadda qalan məqamlarla bağlı danışıb.

Sportline.az xəbər verir ki, 26 yaşlı sloveniyalı qapıçı 2017/18 mövsümündə Çempionlar Liqasında “Qarabağ”a qarşı keçirdikləri matçları təəssüflə xatırlayıb.

“Həmin mövsüm bizim üçün ağır keçdi. Xüsusən “Qarabağ”la matçları qeyd edərdim. Onları iki oyunun heç birində məğlub edə bilmədiyimizə görə ÇL-də qrupda qaldıq. “Qarabağ”a hörmətimi vurğulamaqla yanaşı deməliyəm ki, bunu heç kim onlardan gözləmirdi. Həqiqət isə budur ki, onlar yaxşı müdafiə olunurdular. Bu səbəbdən də biz istəyimizə nail ola bilmədik” – deyə slovenyalı futbolçu bildirib.

Bununla belə, Oblak həmin mövsümdə Avropa Liqasının qalibi olmalarını və La Liqada ikinci yeri tutmalarını müsbət məqam kimi qeyd edib.