392-ci duel: "Fənərbağça", yoxsa "Qalatasaray"?

Dünyanın ən maraqlı və gərgin derbilərindən biri yaxnlaşır. Söhbət İstanbul derbisi və ya "Fənərbağça" - "Qalatasaray" matçından gedir.

Sportline.az xəbər verir ki, bu gün diqqətlər İstanbula yönələcək. "Fənərbağça" doğma Şükrü Saraçoğlu stadionunda "Qalatasaray"ı qəbul edəcək.

Tarixin iki əzəli rəqib arasındakı qarşılaşmaların qalmaqallı keçdiyi hər kəsə məlumdur. Derbinin gərginliyini artıran daha bir amil isə Irsun Yanal - Fatih Terim duelidir. Təcrübəli mütəxəssislərin komandalarını necə hazırlaşdırdıqları maraqla gözlənilir.

"Fənərbağça" ilə "Qalatasaray" 391 dəfə üz-üzə gəlib. Statistikada "sarı-lacivərdlilər"in aşkar üstünlüyü nəzərə çarpır. 147 görüşdə "Fənərbağça" qalib gəldiyi halda, "Qalatasaray" 122 dəfə azarkeşlərini sevindirib. Qalan 122 oyun isə heç-heçə olub. "Sarı bülbüllər" rəqib qapısından 512 top keçiriblər. "Aslanlar"ın isə cəmi 460 qolu var.

İstanbul derbisinin bombaridiri "Fənərbağça"nın keçmiş futbolçusu Zəki Rza Sporeldir. 1969-cu ildə 71 yaşında ölən, karyerasında yalnız "Fənərbağça"nın şərəfini qoruyan futbolçu "Cimbom"la görüşlərdə 29 dəfə fərqlənib.

İstanbul derbisi üçün xüsusi qeydlər:

1) Ən çox görülən hesab: 1-0 (71 dəfə)
2) Ən çox qollu hesab: 4-4 (2 dəfə)
3) Ən böyük hesablı qələbələr: "Fənərbağça" 0:7 "Qalatasaray" (12.02.1911), "Fənərbağça" 6:0 "Qalatasaray" (06.11.2002)
4) Stadionda ən çox azarkeşin baxdığı görüş: "Qalatasaray" 2:2 "Fənərbağça" (70125 nəfər - 21.09.2003)

Qeyd edək ki, "Fənərbağça"-"Qalatasaray" matçı bu gün Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.