Avropa çempionlarımız mükafatlandırıldı

Bolqarıstanın Samokov şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatında tarixi uğura imza ataraq, 4 qızıl və 3 bürünc medalla komanda hesabında 1-ci olan yunan-Roma güləşi üzrə seçməmizin üzvləri mükafatlandırılıb.

Sportline.az xəbər verir ki, Olimpiya Güləş Mərkəzində baş tutan tədbirdə Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev, vitse-prezidenti Elçin Cəfərov və baş katibi Orxan Məmmədov və idmançılar iştirak ediblər.

Əvvəlcə çıxış edən N.Əliyev iştirakçıları salamlayaraq, Avropa çempionatında uğurlu çıxış edən güləşçiləri təbrik edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb. O, yeniyetmə idmançıların qarşıdakı yarışlarda da hamını sevindirəcəyinə inandığını söyləyib.

Sonda yarışda qızıl medal qazanan güləşçilərə pul mükafatı təqdim olunub.

Xatırladaq ki, Avropa çempionatında Fərid Baxışlı (55 kq) ilə yanaşı, Rahim Həsənov (45 kq), Fəraim Mustafayev (48 kq) və Fərid Xəlilov (60 kq) qızıl, Pərviz Dadaşov (51 kq), Kənan Abdullazadə (65 kq) və Ruslan Nurullayev (71 kq) isə bürünc medal qazanıb. Komanda 153 xalla Avropa çempionu olub.