"Azərbaycan millisində qələbə qazanacaq keyfiyyətə malik futbolçular var"

"Azərbaycan millisində qələbə qazanacaq keyfiyyətə malik futbolçular var".

Sportline.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin kapitanı Emin Mahmudov sabah Latviyaya qarşı keçirəcəkləri yoxlama matçından öncə mətbuat konfransında bildirib.

O, yığmanın Latviyanı məğlub edəcəyinə inanır:

"Sabah yaxşı oyun göstərərək qalib gəlməyə çalışacağıq. Bunu bacaracağımıza inanıram. Çünki qələbə qazanacaq keyfiyyətə malik futbolçularımız var. Düzdür, Latviya yığması da yaxşı komandadır. Ancaq bizə qələbə lazımdır".

Yarımmüdafiəçi bombardirliyi düşünmədiyini, komandanın qələbə qazanmasının vacibliyini vurğulayıb:

"Açığı, ilk növbədə bombardir olmağa deyil, komanda üçün oynamağa çalışacağam. Şans düşsə, qol vuraram. Yenə də əsas olan komandanın qalib gəlməsidir".

E.Mahmudov bundan sonra özünə daha çox diqqət etməli olduğunu deyib:

"Əlbəttə, milinin lideri olmaq üçün çox çalışıram. 33 yaşım var, bundan sonra özümə daha çox diqqət etməliyəm. Öz üzərimdə işləməyə çalışıram ki, formada qalım, daha çox oynayım və fayda verim. Ümid edirəm ki, köməyim dəyəcək".

Qeyd edək ki, Latviya - Azərbaycan matçı iyunun 7-də Riqadakı “Skonto” stadionunda, Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.