Millinin baş məşqçisi vəzifəsindən ayrılıb
Qadın güləşçilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Aslan Ağayev yeni vəzifəyə təyin olunub.
Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis bundan sonra Astara Olimpiya İdman Kompleksinin direktoru kimi fəaliyyətini davam etdirəcək.
Məhz bu səbəbdən 2005-2016-cı illərdə sərbəst güləş üzrə yığmada məşqçi kimi işləyən, 2017-ci ildən isə qadınlardan ibarət komandaya rəhbərlik edən Ağayev millinin baş məşqçisi vəzifəsindən ayrılıb.
Bu gün Olimpiya Güləş Mərkəzində Azərbaycan Güləş Federasiyasının rəhbərliyi mütəxəssislə görüşüb. Yığma komandaların məşqçiləri və güləşçilərinin də iştirak etdiyi tədbirdə federasiyanın prezident əvəzi Namiq Əliyev Aslan Ağayevin sərbəst və qadın güləşinin inkişafında göstərdiyi xidmətlərə toxunub və bu yolda sərf etdiyi əməyə görə məşqçiyə təşəkkürünü bildirib. Aslan Ağayevə yeni işində uğurlar arzulayan Namiq Əliyev mütəxəssisə federasiya adından xatirə hədiyyələrini təqdim edib.
Aslan Ağayev məşqçilik fəaliyyəti boyunca əlindən gələni əsirgəmədiyini qeyd etməklə yanaşı, güləşin inkişafında Namiq Əliyevin böyük rol oynadığını deyib. Astara Olimpiya İdman Kompleksinin qapılarının güləşçilərin üzünə açıq olduğunu bildirən mütəxəssis bu idman arenasında təlim-məşq toplanışlarının keçirilməsi üçün şərait yaradılacağını da diqqətə çatdırıb.
Sonda AGF-nin vitse-prezidenti Elçin Cəfərov çıxış edərək Aslan Ağayevə məsul vəzifədə uğurlar arzulamaqla yanaşı, onun Astarada sərbəst və qadın güləşinin inkişafına təkan verəcəyini, bu növlər üzrə millilərimizə yeni güləşçilər bəxş edəcəyinə inandığını dilə gətirib.
Qeyd edək ki, qadın güləşçilər noyabrın 1-dən 7-dək Serbiyanın Belqrad şəhərində keçiriləcək U-23 dünya çempionatında millinin məşqçiləri Rövşən Umudov və Həsrət Məmmədyarovun rəhbərliyi altında çıxış edəcək.